"Bu gün işgaldan azad olunmuş zonalarda Prezidentin xüsusu nümayəndələri fəaliyyət göstərir və onların əsas vəzifəsi həmin ərazilərin bərpa edilməsinə dair proqramların həyata keçirilməsinə nəzarət etməkdir"
Bunu Faktmedia.az-a Milli Məclisin üzvü, deputat Aydın Mirzəzadə azad olunmuş rayonların icra hakimiyyətlərinin Bakıdan köçürülməsi məsələsinə münasibət bildirən zaman deyib.
Deputat əlavə edib ki, rayon, şəhər icra hakimiyyətlərinin funksiyası başqadır:
"Onlar Prezidentin həmin rayon, şəhər üzrə nümayəndəsi sayılırlar və həmin rayon və şəhər əhalisinin problemlərinin həlli ilə bağlı məsələləri həll edirlər. Hələ ki, məcburi köçkünlərimiz bir kənd istisna olmaqla, geri dönməyiblər. Hərtərəfli fəaliyyət başladıqdan sonra həmin rayon şəhər icra hakimiyyətləri də geri dönəcəklər və birbaşa insanların orada yerləşdirilməsi ilə məşğul olacaqlar. Prezidentin ayrı-ayrı rayonlar üzrə icra nümayəndələri ilə həmin şəhər, rayon İcra Hakimiyyətləri arasında vəzifə bölgüsü var. Xüsusi nümayəndələr bərpa proqramlarının həyata keçirilməsinə nəzarət edir. İcra hakimiyyətləri isə, həmin ərazinin sosial-iqtisadi məsələlərinin həlli məşğul olur. Ümid edək ki, bu il bir neçə rayonumuzun əhalisi geri qayıdacaq. O zaman biz icra hakimiyyətlərinin həmin ərazilərdə birbaşa öz üzərlərinə düşən vəzifələrini yerinə yetirəcəklərinin şahidi olacağıq".
Rəna Həsənova