"Qadınların qətl törətməsi, zorakılıq halları məsələsi ilə bağlı mən hələ 20 il bundan əvvəl başlamışam həyəcan təbili çalmağa. Təəssüf ki, nə cəmiyyət, nə məsul şəxslər bu həyəcan təbilini eşitmir".
Bunu Faktmedia.az-a sosioloq Əhməd Qəşəmoğlu son zamanlar qadınların qətl törətməsi hallarının artmasına münasibət bildidirəkən deyib.
Sosioloq bildirib ki, min illərin təcrübəsi ğöstərir ki, böyük dahi insanların dedikləri, dini kitablarda yazılanlar da təsdiq edir ki, cəmiyyətdə həmişə çalışmaq lazımdır ki, mənəvi dəyərlər öndə olsun:
"Mənəvi dəyərlər öndə olanda cəmiyyətdə ahəngdar bir münasibət yaranır. Nə zaman mənəvi dəyərlər sıxışdırılır, arxa plana keçirilir, əhəmiyyət verilmir, o zaman cəmiyyətdə eybəcər, xoşagəlməz qarşıdurmalar yaranır. Biz uzun müddətdir cəmiyyətdə qadınlarla xüsusi olaraq sosial texnologiyaların həyata keçirildiyini müşahidə edirik, amma fərqinə varmırıq, başa düşmürük ki, nə baş verir. Hər hansı bir xalqı, ölkəni zəiflətmək üçün, ilk əvvəl çalışırlar ki, mənəvi dəyərləri aşındırsınlar. Bu sahədə də ən güclü qüvvələrdən biri qadın- kişi münasibətlərinin xarakteridir. 20 ildən artıqdır ki, bizdə söhbət qadına qarşı zorakılıqdan gedir. "Azərbaycanda qadınlara qarşı zorakılıq, şiddət var, qadınlar hüquqlarını bilmir, azad, demokratik cəmiyyətdə qadınlara mane olurlar" və s. kimi sözlər eşidirik. Söhbət tək qadınlardan gedə bilməz. Söhbət ailələrdən getməlidir, həm qadından, həm kişidən, birtərəfli ola bilməz. Birtərəfli olması düşmən mexanizmidir, dağıdıcı mexanizmdir. Mən uzun illərdir bu sahədə təbliğat aparıram. Bir ailədə gərginlik yaranan zaman qız tərəf gəlib deyərsə ki "mənim qızımla işin yoxdur, sən kimsən ki, mənim qızıma bu sözləri deyirsən, mənim qızımın tələblərini yerinə yetirmirsən", həmin ailədə problemlər həll olunmayacaq. Ağıllı valideyn gəlib həm öz övladına, həm də onun həyat yoldaşına doğma bir münasibətlə öyüd verər. Tərəf saxlamaq düzgün deyil. O cümlədən də, beynəlxalq təşkilatlar əgər istəyirdilər ki, Azərbaycan inkişaf eləsin, Azərbaycan ailəsinin şüası ilə bağlı söhbətlər getməli idi. 20 il düşmən texnologiyaları işlədi Azərbaycanda. Qadınlara axıra qədər izah etmədən azadlıq, demokratiya nədir, onlara dedilər ki, siz azad cəmiyyətdə yaşayırsınız, demokratik prinsiplər olmalıdır və siz qoymayın kişilər sizə qarşı zorakılıq etsin".
Əhməd Qəşəmoğlu əlavə edib ki, dünyada da kişilərimizin bir imici yarandı ki, Azərbaycan kişiləri vəhşidir:
"Bir tərəfdən günü- gündən madiyyata qarşı marağın artması, mənəvi dəyərlərin arxa plana keçməsi, qadınların düzgün maarifləndirilməməsi, ailənin xilası deyil sanki qadınların xilası barədə aparılan işlər gətirib bu vəziyyətə cıxardı.Ailələrdə qarşıdurma yarandı, belə olanda da hər kəs öz üstünlüyündən istifadə elədi. Qadınlar əvvəl-əvvəl kişiləri ancaq tənqid etmək, söymək, təhqir eləmək kimi xeyli xoşagəlməz vəziyyət yaratdılar. Kişilər də öz güclərini onlara göstərdilər, gücləri də yumruqlarına, bıçaqlarına çatdı. Sonra təbii ki, qadınlar da yeni vasitələr axtarmalıydı. Cəmiyyətdə də adət- ənənələrə qarşı biganəlik olanda, qadın da sanki özünü xilas etmək barədə düşünəndə əlavə vasitələr əldə etmək yollarını axtardı və gördü ki, əlavə vasitələrdən biri də bıçaqdır, yumruqdur, fiziki təsirdir. Ümumi qəbahət ondan ibarətdir ki bu cəmiyyətdə gedən sosial problemlərə, humanitar problemlərə zamanın, bu günkü cəmiyyətin tələbləri baxımından yanaşmırıq. Cəmiyyət xeyli dəyişib, mürəkkəbləşib, biz isə köhnə adət- ənənə ilə yanaşırıq. Çalışmaq lazımdır ki, yenə mənəvi dəyərlər öndə olsun, aparıcı rol oynasın və biz təkcə qadınları xilas etmək yox, cəmiyyətimizi xilas etmək, ailəni xilas etmək strategiyası baxımından geniş sosial işlər aparılmalıdır".
Rəna Həsənova