"Ümumiyyətlə, qızlara, qadınlara qarşı zorakılıq sözü ilk baxışdan aktual görünsə də, düzgün deyil. Azərbaycanda ailə institutu, ailə problemləri ilə düzgün məşğul olmadıqları üçün, bu məsələlərə ciddi fikir vermədikləri, səhlənkar yanaşdıqları üçün zorakılıq halları müşahidə olunur. Zorakılığın kökündə duran əsas məsələlərdən biri odur ki, dövranda sürətlə dəyişikliklər gedir, cəmiyyət mürəkkəbləşir".
Bunu Faktmedia.az-a sosioloq Əhməd Qəşəmoğlu son illər Azərbaycanda qızlara, əsasən də azyaşlı qızlara qarşı təcavüz hallarının artmasına münasibət bildirən zaman deyib.
Sosioloq bildirib ki, biz həm qadınların, həm də kişilərin maarifləndirmə məsələləri ilə məşğul olmalıyıq:
"Bir qrup beynəlxalq təşkilatlar ortaya düşüb qrant yayır və qızışdırırlar ki,"qoymayın, qızlara, qadınlara qarşı zorakılıq halları artır". Bu doğrudan da artıb, amma bu, məsələnin üzdən olan tərəfi, təzahürüdür. Məsələnin kökünü axtarmaq lazımdır. Ona görə zorakılıq artır ki, o dediyim beynəlxalq təşkilatlar, qeyri - hökumət təşkilatları, saytlarda jurnalistlər hay-haray salırlar ki,"qoymayın, qızlara qarşı zorakılıq artdı, demokratik cəmiyyətdir, indiki vaxtda hər kəs azaddır, qızlarımız nə istəsə edə bilər". Gərginlik buradan başlayır. Kişiləri yaddan çıxarırıq, ancaq qızlara hüquqlarınızı qoruyun deyirik".
Sosioloq əlavə edib ki, beynəlxalq aləmdə belə bir mənzərə yaranır ki, Azərbaycan kişiləri çox vəhşidir, get-gedə öz qızlarını, qadınlarını məhv edir:
"Vəhşi Azərbaycan kişiləri deyil, vəhşi bu texnologiyaları həyata keçirənlərdir. Biz paralel olaraq kişiləri də maarifləndirməliyik. İzah etməliyik ki, bu cəmiyyət 30 il bundan əvvəlki cəmiyyət deyil və burda qadın və kişi münasibətlərinin ahəngdar qurulması sahəsində işlər aparılmır. Fərz edək ki, gənc bir ailədə ər-arvad dalaşır, gərginlik var, qız evi öz qızını, oğlan evi öz oğlunu müdafiə etsə, bu o deməkdir ki, yanan tonqala od tökürlər. Hər iki tərəf o zaman yaxşı valideyn ola bilər ki hər iki tərəfi öz balası kimi başa salsın, gərginliyi aradan qaldırsın. Məsələnin kökündə cəmiyyətdə qadınlarla kişilərin ahəngdar inkişaf məsələlərinə yetərincə diqqət verilməməsi dayanır. Azadlıq, demokratiya haqqında lazımi məlumat verilmir, bu məlumatı verənlər heç özləri yaxşı başa düşmür ki, azadlıq, demokratiya nədir.Demokratiya da, azadlıq da, hüquqlar da hamısı ölkənin tərəqqisi, ailədə ahəngdar münasibət yaranmasına xidmət göstərməli vasitələrdir. O addımlar məqbul deyil ki, o, ailədə gərginliyi artırır, ahəngi yox".
Rəna Həsənova