"Uzun illərdir mütəxəssislər bu hal ilə mübariza aparırlar. Mən özüm 20 ildir kəskin şəkildə maarifləndirmə işləri aparıram. Bir çox valideynlər övlad qatili olur, özlərində psixoloji dəyişikliklər baş verir və cəmiyyətdə gərginlik artır".
Bunu Faktmedia.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq bildirib ki, demoqrafik cəhətdən qız uşaqlarının sayının az olması hay-küyə səbəb olsa da, bu əslində belə deyil:
"Mənim fikrimcə, oğlan uşaqlarının çox olması daha yaxşı olardı. Cünki oğlan uşaqlarının bir hissəsi böyüyəndə ölkədən çıxıb gedir, bir hissəsi müharibədə, bəziləri qəzalarda dünyasını dəyişir. Bu məsələlərin əsas psixoloji tərəfi, mənəvi tərəfi o idi ki, artıq maarifləndirmə çox aparıldığına görə, cəmiyyətdə fikir dəyişiklikləri yarandı. Əsas amillərdən biri də odur ki, hiss etdilər ki, qız uşaqları da istənilən yerdə öncül mövqe tuta bilər. İnsanlar baxıb gördülər ki, oğlanlarla bağlı problemlər də xeyli çoxalıb. Bu səbəbdən də doğulan qız uşaqlarının sayı artmağa başladı. Bu tendensiya mənəvi, psixoloji, sosial baxımdan çox yaxşıdır".
Qeyd edək ki, 2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Bu da onu göstərir ki, cəmiyyətdə qız uşaqlarına olan düşüncə dəyişib. Artıq abort etdirmək istəyənlər də belə fikirlərdən daşınırlar.
Rəna Həsənova