“Qadınların reprodukdiv dövrdə sağlamlıqlarına xüsusi diqqət etməlidirlər. Çünki bu irəli yaşlarda bir sıra problemlərə səbəb ola bilər. Ailədə qız uşağı dünyaya gəlirsə, mütləq kiçik yaşlardan sağlamlıqlarının qayğısına qalmaq və nəzarət etmək lazımdır. Xüsusən də, yeniyetməlik dönəmində menstruasiyanın normal şəkildə davam etməsini müşahidə etmək vacibdir. Bunun üçün də ailələr maariflənməlidirlər. Bəzi məsələlər ayıbdı deyib ört-basdır edilməməli və problem varsa, həll edilməlidir”.
Bunu Faktmedia.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru ATU Onkologiya kafedrasının assistenti, onkoginekoloq Samirə Səfərova deyib.
Həkim bildirib ki, sağlam qadının formalaşması, inkişafı üçün uşaqlıq dövründə ananın nəzarəti olduqca əhəmiyyətli rol oynayır. Kiçik yaşlarda baş verən hər hansı qeyri-normal prosesi ilk olaraq ana aşkarlamalı və dərhal həkimə müraciət etməlidir. Əksər hallarda sonradan ciddi xəstəliyə çevrilən problemlər uşaq yaşlarından formalaşmağa başlayır. Ona görə də qız anaları daha həssas olmalıdırlar.
Rəna Həsənova