"Ölkədə daşınmaz əmlak üzrə sığorta avtomobil sığortası ilə müqayisədə çox aşağıdır. Avtomobillərin sığortası məcburi olduğuna görə ölkədəki bütün avtomobillər sığortalanır. Daşınmaz əmlakın sığortalanması üçün həmin əmlakın çıxarışı, mülkiyyət hüququ haqqında sənədi olmalıdır. Təkcə Bakı şəhərində yüz minlərlə, bəzi rəqəmlərə görə 500 mindən artıq çıxarışı olmayan fərdi həyət evləri və yeni tikili binalarda çox sayda mənzillər var".
Bunu Faktmedia.az-a daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert bildirib ki, bu mənzillər birmənalı olaraq sığortalana bilmir:
"Digər çıxarışlı mənzillərdə də sığorta könüllülük prinsipi əsasındadır. Yalnız notarial formada alqı-satqı olan zaman, əgər evin sığortası yoxdursa, o zaman məcburi şəkildə şığortalanır. Əvvəlki illərə nisbətən 2021-2022- ci ildə kreditli yollarla satılan evlərin, mənzillərin sayı çox olduğuna görə ölkəmizdə daşınmaz əmlakın sığortalanması sahəsində bir yüksəliş oldu, çox sayda əmlak sığortalandı. Çünki əmlakarın çoxu kreditli vasitələrlə satıldı. İpoteka, bankdaxili, şirkətdaxili və digər kreditli satışlar həyata keçirildiyinə görə məcburən həmin əmlaklar sığortalandı, nəticədə böyük bir məbləğ ortaya çıxdı. Əmlakın sığortası həm dövlət, həm də əmlak sahiblərinin özləri üçün vacib məsələlərdən biridir. Hər hansı bir fors major hadisə baş verən zaman, mənzilin sığortası varsa, sığorta şirkəti həmin mənzilə dəyən zərəri qarşılayır. Nəzərə almalıyıq ki, təkcə Bakı şəhərində mənzillərin böyük əksəriyyəti hal-hazırda kirayədədir. Problemlər də daha çox kirayəlik mənzillərdə yaranır. Digər qonşunun evini su basması, təmirin dağılması, xırda yanğın hadisələri və bu tip problemlər yarandıqda, həmin əmlakın sığortası varsa, sığorta şirkəti dəymiş zərəri qarşılayır. İnsanlarda sığortalama prinsipi tam formalaşmadığına görə və eyni zamanda, yaxşı mənada təbliğatı aparılmadığına görə sığortaya maraq göstərmirlər".
E. Fərzəliyev əlavə edib ki, bu gün biz nəzərə almalıyıq ki, hansısa bir binadakı 1 otaqlı mənzilin 1 aylıq kirayə qiyməti 300 manatdır, sığortası isə 50 manatdır:
"Hətta elə sığorta paketləri var ki, bütün dəymiş zərəri qarşılayır. Belə sığortanın qiyməti nisbətən bahadır. İstənilən halda vətəndaş əmlakdan gəlir əldə edirsə, mütləq şəkildə onu sığortalamalıdır ki, hər hansısa bir hadisə baş verən zaman kirayə qalanla mənzil sahibi arasında məhkəmə çəkişməsi olmasın və sığorta şirkəti birbaşa əmlaka dəyən zərəri qarşılasın. Bütün bunlarla bağlı maarifləndirmə və təbliğat işləri aparılarsa, insanlar da kütləvi surətdə öz əmlaklarını sığortalayarlar. Digər tərəfdən çıxarışsız əmlaklar mütləq çıxarışla təmin olunmalıdır ki, həmin əmlaklar da sığorta predmetinə çevrilə bilsin".
Rəna Həsənova