"İpoteka və Kredit Zəmanət Fondu 2020-ci ildən başlayaraq mənzillərin kirayə öhdəliyi ilə satışı layihəsini həyata keçirir. Layihənin mahiyyəti ondan ibarətdir ki, kirayə qalan vətəndaşlar ödədikləri kirayə pulunu öz evləri üçün ödəsinlər və sonda mənzil onların özlərinə qalsın. Belə mənzillərin aylıq kirayə qiyməti kirayə bazarındakı mənzillərin qiymətindən aşağıdır, yəni köhnə beşmərtəbəli binaların kirayə qiyməti ilə demək olar ki, eyni, yeni tikilən mənzillərin kirayə qiymətindən isə aşağıdır. Bir sözlə, vətəndaşların aylıq ödəyə biləcəyi bir formada əlçatan qiymətlərdir".
Bunu Faktmedia.az-a daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzillər üzrə verilən evlərinin sayının az olması ilə bağlı ünvanlanan suala cavab olaraq deyib.
O bildirib ki, bu günə qədər fond tərəfindən 3346 mənzil vətəndaşlara kirayə öhdəlikləri ilə təhvil verilib:
"Bu layihə 2020- ci ildə, pandemiya dövrü yarandı. Həmin dövrdə uzun müddət bir çox iş yerləri fəaliyyətini dayandırdı, tikintidə, təmirdə axsamalar oldu. Həmin ildə dünyadakı bütün mənzərə işin sürətlə aparılmasına mane oldu. Təkcə 2020-ci ildə bu layihə ilə 1675 nəfər mənzil sahibi olub. Bir il ərzində bu az rəqəm deyil. Ümumən 3346 mənzilin verilməsi böyük bir rəqəmdir. Bu prosses davam edir, şərtləri asandır. Burada diğər ipoteka öhdəliyi kimi tam formada əmək haqqı və digər sənəd toplusu o qədər də tələb olunmur. Hətta rəsmi iş yeri olmayan, hansısa bir sənətkarlıqla məşğul olan şəxslər də bu layihədən yararlanıb mənzil ala bilir. Mənzillər tam təmirli verilir ki, vətəndaş köçüb yaşasın. Bunu kütləvi şəkildə həyata keçirmək bu günkü vəziyyətdə çətindir. Çünki fond özü ev tikmir, sadəcə etibarlı, çıxarışlı, dövlət qeydiyyatından keçmiş binalardan mənzilləri alır, daha sonra onu həmin şirkətə təmir etdirir və vətəndaşlara satır. Hal- hazırda əmlak bazarında çox ciddi qiymət artımı baş verir. O baxımdan buradakı mənzillər ucuz olduğu üçün axın sürətlidir, müraciət edənlər çoxdur. Tələbat çox olduğuna görə yaxın vaxtlarda mənzillərin sayı da yəqin ki, artacaq. Təkcə bu layihə ilə 3346 mənzil satışa çıxarılıbsa, digər sosial layihələrdə də belə mənzillərin sayı artarsa, artıq vətəndaşların bir qisminin mənzil məsələsi həll olmuş olar".
Rəna Həsənova