"Ötən il ərzində, xüsusən qida məhsullarında 20 faizədək inflyasiya müşahidə edirdik. Bu ilin əvvəlindən başlayaraq istər buğda, istərsə də digər məhsulların dünya bazarında qiymətinin enməsini müşahidə edirik. Hesab edirəm ki, bu dünya iqtisadiyyatının stabilləşməsinə gətirib çıxarır. Dünya iqtisadiyyatına təsir edə biləcək ölkələr arasında qlobal inflyasiyanın qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlər görülür və müəyyən nəticələr var".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Emin Qəribli deyib.
İqtisadçı hesab edir ki, buna təsir edən digər amillərdən biri də dünyada baş verən resessiyadır:
"Hal-hazırda biz qiymətlərin artımında stabilliyi müşahidə edirik. Əminliklə demək olar ki, ət məhsullarının qiymətinin artmasına heç bir səbəb yoxdur. Mal-qara yeminin qiymətlərində müəyyən qədər azalma var. Bu gün qlobal dövrdə bizim iqtisadiyyatımız da dünyada gedən prosseslərdən asılıdır. Qiymət artımının mühüm hissəsi, 70-80 faizi xarici amillərdən asılıdır. Bu gün xarici amilləri təhlil etdikdə görürük ki, xüsusi bir təhlükə yoxdur və qiymət artımına da səbəb yoxdur. İllər keçdikcə istənilən halda dünya bazarında müəyyən dərəcədə inflyasiya, artım var və bu isə son nöqtədə ayrı-ayrı iqtisadiyyatlara da təsir edir. Bizim hökumət tərəfindən qiymət artımının qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülür. Bəzən sui- istifadə edib qiymətləri artırmaq istəyənlər var. İnanıram ki, bizim müvafiq icra orqanları bu durumu monitorinq edir və belə halların qarşısını alacaqlar. Müəyyən hallar var, biz onu görürük. Mənə elə gəlir ki, vəziyyət nəzarət oluna biləcək qədərdir. Ümumilikdə iqtisadiyyatımızın stabilliyini, dayanıqlığını pozacaq bir təsir görmürəm".
Rəna Həsənova