"Azərbaycanla İran münasibətlərinin gərginləşməsinin səbəbkarları İran dövlətinin idarəçiliyində olan şəxslər, İran siyasətçiləri və diplomatlarıdır. İranın Azərbaycanın daxili işlərinə qarışmaq istəyi, Azərbaycanda İrana məxsus təşkilatların artıq Azərbaycan siyasətçilərinə əl qaldırması, yəni bu yaxın günlərdə Fazil Mustafaya qarşı törədilən cinayəti nəzərdə tuturam birbaşa terror aktıdır".
Bu fikirləri Faktmedia.az-a politoloq Yusif Bağırzadə bildirib.
"Eyni zamanda Azərbaycanın İrandakı səfirliyinə hücumu da terror aktıdır. Beynəlxalq ictimaiyyət bu terror aktını qınadı, lakin buna baxmayaraq İran heç bir tədbir görmədi. Mən belə düşünürəm ki, B.Britaniya səfirliyinə olan hücumun da, Fransa səfirliyinə qarşı təcavüzün də arxasında müştərək İran- erməni qüvvələri dayanır. İran diplomatlarının Azərbaycandan cıxarılma məsələsinə gəldikdə isə, bu belə də olmalı idi. Onlar diplomatiya pərdəsi arxasında Azərbaycanda qeyri-qanuni fəaliyyətlə məşğul idilər. Dünya praktikasında da belə hallara rast gəlinir. Onların fəaliyyəti diplomat etikasına uyğun olmadığına görə Azərbaycan məcbur bu addımı atdı. Mən Azərbaycan- İran münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın bu addımını alqışlayıram. Bundan sonra da İran qeyri-qanuni hər bir addımında layiqli cavabını alacaq. İran dövlətinin Azərbaycana qarşı təhdidlə danışması yolverilməzdir. Biz hər bir vəziyyətə hazırıq. Başda cənab Prezident olmaqla Azərbaycan dövləti də, Azərbaycan ordusu da xarici təhdidlərə cavab verməyə hər an hazırdır. İran orada yaşayan etnik azərbaycanlıların hüquqlarını pozan bir dövlətdir. Orada yaşayan azərbaycanlılara qarşı da terror aktları törədilir. Əlini burada yaşayan azərbaycanlılara da uzatmaq istəyən İranın molla rejimləri gec-tez kəsilməlidir. İran çox güman ki, yaxın bir ildə dağılacaq və İranda yaşayan azərbaycanlılar üçüncü dəfə müstəqillik əldə edəcək. Cənubi soydaşlarımızla şimali soydaşlarımızın qovuşması inşallah, yaxın bir ildə baş verəcək", - deyə o əlavə edib.
Rəna Həsənova