"Artıq qərar verilib. İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı yaxın 48 saat ərzində Azərbaycan ərazisindən çıxarılacaq. Baş verən hadisələrin kökündə birbaşa İran tərəfinin dayandığı aydın görünür. İran Azərbaycana qarşı münasibətdə birbaşa məsuliyyət daşıyır".
Bu fikirləri Faktmedia.az-a Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.
Siyasi analitik bildirib ki, 27 yanvar tarixində Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktında birbaşa İranın hakimiyyət dairələrinin əli var:
"Hələki həmin terroru törədənlər və yaxud da sifariş verənlər cəzalandırılmayıb, əksinə, müdafiə olunurlar. Digər tərəfdən İran-Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin deyil, əksinə daha da gərginləşməsinin tərəfdarıdır. Dəfələrlə İran Azərbaycana qarşı təxribat törədib. İranın cəsus şəbəkəsinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq daxil olması ilə bağlı kifayət qədər maddi materiallar var. Şəkilləri paylaşılan 27 şəxsin tutulması ondan xəbər verir ki, bu şəxslər fakt olaraq Qarabağ bölgəsinə Azərbaycanın icazəsi olmadan daxil olublar. İranın Azərbaycana qarşı tutduğu mövqe ədalətli şəkildə aradan qaldırılmalıdır".
Politoloq əlavə edib ki, eyni zamanda İran Azərbaycana qarşı təzyiq elementi olaraq Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilməsini dayandırmalıdır:
"İran mediasında Azərbaycana qarşı təhqir, qarayaxma, böhtanlara son qoyulmalı, təxribatlar dayandırılmalıdır. İran mediası qarayaxma kampaniyasını dayandırmalıdır. Bunların hər biri həll olunduqdan sonra düşünürəm ki, münasibətlərin nizamlanması mümkündür. Əks təqdirdə münasibətlərin gərginləşməsi daha da artacaq".
Rəna Həsənova