"Ünsiyyətin qarşıya qoyduğu vəzifələrin səmərəli yerinə yetirilməsi danışıq mədəniyyətinin kommunikativ aspektini təşkil edir.
Ünsiyyət nitq mədəniyyəti ilə bağlıdır. Danışan konkret vəziyyəti nəzərə alıb, qarşıya qoyulmuş məqsədə çatmaq üçün nitqinə fikir verməlidir. Ünsiyyət insan amillidir".
Bu barədə Faktmedia.az-a Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisiTəranə Şükürlü deyib.
"Bütün göstəriciləri sosial konteksdə insanla bağlıdır. Əsas mənbəyi insan təfəkkürü, intellektdir. Nitq təkcə hər hansı bir şəxsin danışıq səviyyəsinin deyil, həm də mədəniyyətinin göstəricisidir. Cəmiyyətin nitq mədəniyyəti onun ana dilinə olan münasibəti ilə təyin olunur. Ünsiyyətə hər şeydən əvvəl ədəbi dilin şifahi və yazılı normalarına riayət etməyi tələb edir. Nitq prosesində kimin kimlə, hansı şəraitdə informasiya mübadiləsi aparması gözlənilməli, nitqin məzmunu, məqsədi, istiqaməti aydın olmalı, natiqin praktik hazırlığı dinləyicinin maraq dairəsində olmalıdır.
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur: danışan sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona müna-sibətini bildirir. Hazırkı dönəm informasiya dövrüdür. Bu gün informasiya almaq və çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirik. Hər bir insanın danışıq tərzi onun düşüncəsini, savadını və bilik səviyyəsini göstərir. Danışıq prosesində nitqin dairəsi genişlənir", - deyə əlavə edib.
Havar Şəfiyeva