"Bu məmura yaraşan ifadə forması, danışıq tərzi deyil. Təəssüf ki, Azərbaycanın siyasi səhnəsində çox məsul vəzifələrdə sualları belə cavablandıran kifayət qədər məmurlar görmüşük".
Bunu Faktmedia.az-a AĞ Partiyanın başqanı Tural Abbaslı deyib. Partiya sədri bildirib ki, Abid Şərifov, metropolitenin keçmiş rəhbəri Tağı Əhmədov, keçmis Səhiyyə naziri Əli İnsanov da jurnalistlərə qarşı belə münasibət göstərmişdi:
"Bu münasibətlərə rəsmi reaksiyalar olmayıb deyə, belə də davam edir. Əslində onlar unudurlar ki, medianın qarşısında çıxış edirlər. Media cəmiyyətin mövqeyidir. Jurnalist qıcıqlandırıcı, provakasiya yarada biləcək sual verə bilər. O, jurnalistin etik davranış göstəricisidir. Amma məmur dövlət anlayışını, məmur olduğunu unutmamalıdır. Dediyi ifadələrə fikir verməlidir. Heç kim ondan şəxsi nə isə soruşmur. Həmin məmur Şuşanın icra başçısı olmasa, böyük ehtimal ki, jurnalistlərdən ona heç salam verən olmayacaq. Ona vəzifədə olduğu üçün sual verirlər, elə bilir ki, bank hesabını, yaxud da evinin sahəsini soruşurlar, deyir "sənə dəxli yoxdur". Yəni, bunların dövlət anlayışı, məmur, ədəb-ərkan anlayışı budur. Qətiyyən qəbulolunmaz üslubdur. Məmur ritorikasından daha çox kəndxuda ritorikasına oxşayır. Azərbaycanın mənəvi baxımdan ən strateji, ən önəmli bir şəhərinin İcra başçısının belə səviyyədə olmasından mən utandım".
Qeyd edək ki, Şuşanın icra başçısı Bayram Səfərov "Toplum"tv-nin jurnalistinin Şuşaya nə zaman getmisiniz sualına "sənə dəxli yoxdur" cavabı verib. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Rəna Həsənova