"İndiyə qədər statistika onu göstərir ki, ölkədə plastik torbaların istifadəsində hər zamankı kimi artım müşahidə olunub. 2009-cu il ilə müqayisədə polietilen torbaların kütləsi və dövriyyəsi 5 dəfə artıb".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib. O bildirib ki, ölkədə orta hesabla adambaşına hər il 24 kq plastik tullantı yaranır və ya hər ailəyə 500 ədəd polietilen torba istifadəsi müşahidə edilir, bu da o deməkdir ki, bir gündə hər ailə 2 polietilen torba istifadə edir:
"Bu çox böyük bir rəqəm idi və bunun gələcəkdə utilizasiyası, çürüməsi böyük problemlər yaradırdı. Eyni zamanda təkrar emalına böyük maliyyə vəsaiti cəlb olunurdu. Ekoloji baxımdan da polietilen torbaların zərəri çoxdur. Düşünürəm ki, polietilen torbaların ödənişlı olması, sözsüz ki, onun dövriyyəsinin azalmasına müsbət təsir göstərəcək. Biz bunu digər ölkələrdə də, Gürcüstanda, Danimarkada, Avropada da müşahidə etmişik. Əvvəllər insanlar bu torbaları pulsuz əldə etdiklərinə görə, nəzarətsiz istifadə edirdilər. İndi ödənişli olduğuna görə ailələr öz büdcələrinə nəzarət etmək üçün istifadəsini azaldacaq və hətta təkrar istifadə edə biləcək. Yəqin ki, bir müddət sonra statistikası aparılacaq, təsirləri müəyyənləşdiriləcək. Mən düşünürəm ki, polietilen torbaların qiyməti hələ ki, çox ucuzdur və bu insanlara hələ ki, az qənaət etməyə imkan yaradacaq. Hesab edirəm ki, gələcəkdə bu torbaların istifadəsində azalma müşahidə edəcəyik".
Rəna Həsənova