Uşaqda allergiya varsa, onu peyvənd etmək olarmı?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan Aytən İsmayılzadə bildirib ki, kəskin allergik vəziyyət zamanı peyvənd etmək olmaz.
“Məsələn uşaq yumurta yeyəndən sonra allergik reaksiya baş verirsə, yaxın on gün ərzində peyvəndləmə təxirə salınır. Allergik reaksiya deyəndə təkcə dəridə səpgi deyil, nəcisdə qan, quru öskürək tutmaları da nəzərdə tutulur. Yox, əgər bu hadisə yeni baş verib və kəskin xarakterlidirsə, bu halda peyvəndləmə bir müddət təxirə salınır. Amma uşaqda atopik dermatit əlamətləri və uzun aylar üzündə qızartı olsa da, bu, peyvəndləmə üçün əks göstəriş deyil”.
Həkim bildirib ki, kəskin allergik reaksiya zamanı peyvənd bir müddət ona görə təxirə salınır ki, immunitet sakitləşsin:
“Çünki allergik reaksiya özü yüksək immun cavabdır. Onun cavab reaksiyası bitməmiş peyvənd vurularsa, o zaman ikinci cavab reaksiyası prosesə qoşular. Nəticədə ikiqat allergik reaksiya görə bilərik, həm də peyvəndin yan təsirləri daha çox müşahidə olunar”.
Bəsti Məmməd