"Ana südü körpələrin su ehtiyacını 6 ayadək ödəyir. Süni qida yesə də, o da suda həll olunduğu üçün əlavə suya gərək yoxdur".
Bu sözləri Faktmedia.az-a danışan tanınmış pediatr Aytən İsmayılzadə deyib.
O bildirib ki, körpəyə su verilməsi su zəhərlənməsinə gətirib çıxara bilər:
“Hava istidirsə, uşaqda qusma, ishal halları olursa, sidik ifrazı azalıbsa, uşağın hərarəti varsa, ancaq bu zaman əlavə maye verilə bilər. Su artıqlığı su zəhərlənməsinə gətirib çıxara bilər. Orqanizmin hüceyrələri su və minerallar normal səviyyədə olanda normal fəaliyyət göstərə bilir. Hüceyrə su zəhərlənməsi zamanı sanki su ilə boğulur. Su zəhərlənməsinin əlamətindən biri uşağın çox yatması, halsızlıqdır”.
Həkim qeyd edib ki, körpəyə şəkərli su da vermək qəti qadağandır:
“Suya qənd, şəkər tozu, bal, yaxud mürəbbə qatıb vermək isə qətiyyən olmaz. Çünki şəkər ilk növbədə körpənin mədəaltı vəzisini yükləyir. Artıq şəkər üçün artıq insulin ifraz olunur. Şəkərin dadını bilən uşaq digər neytral dadlara laqeyd olur. Şəkər bağırsaqlarda göbələklərin inkişafı üçün şərait yaradır. Bu da müxtəlif xəstəliklərin inkişafına təkan verir. Eyni zamanda nəinki körpəyə şəkər verilməsi, hətta süd verən ananın belə həddən artıq şəkər istifadə etməsi uşaqda allergik fonun güclənməsinə gətirib çıxarır”.
Bəsti MƏMMƏD