“Ölkəmizdə təkcə analar, nənələr yox, hətta kifayət qədər savadlı, ziyalı, təhsilli insanlar da çöpçüyə müraciət edirlər. Ümumiyyətlə çöpün elmi, tibbi bir əsası yoxdur”.
Bu sözləri Faktmedia.az-a danışan uşaq xəstəlikləri üzrə mütəxəssis, pediatr Elşən Tağıyev deyib.
O bildirib ki, yuxarı tənəffüs yollarında üfürməklə çıxa biləcək yad cismin qala biləcəyi bir sahə yoxdur:
“Yad cism yuxarı tənəffüs yollarında- burunda, udlaqda qala bilər, amma bu kifayət qədər ciddi tibbi bir patalogiyadır. O yad cismi sadəcə mütəxəssisin və xüsusi alətlərin vasitəsi ilə müdaxilə etdikdən sonra çıxarmaq olar. Çöpçüyə aparıb üfürməklə yad cism çıxarmaq özü həm tibb elminə, həm də sadə insan məntiqinə zidd olan anlayışlardır. Belə bir şey tibbi olaraq mümkün deyil. Ona görə də bizim tövsiyyəmiz budur ki, uşaqları çöpçüyə aparmayın. Əgər uşağın hərarəti yüksəlibsə, uşaq qusursa, narahatdırsa çöpçüyə yox, həkimə getmək lazımdır. Həkim müdaxiləsindən sonra uşağın vəziyyəti düzələcəkdir”.
Həkim qeyd edib ki, çöpçüyə getmək özü əlavə yanaşı problemlər yarada bilər:
“Birincisi antisanitar şəraitdə müdaxilə olunur. Bu da infeksion ağırlaşmalara, tənəffüs yollarının zədələnməsinə gətirib çıxardır. İstənilən halda bu tövsiyyə olunan bir müdaxilə deyil. Əgər uşağınız xəstədirsə həkimə müraciət edin, təhlillər aparılsın. Təbii həmin dəqiqə kömək olmaya bilər. Çünki hər bir xəstəliyin müəyyən bir gedişi var. Bir virus infeksiyası 3-5 gün davam edə bilər və bir neçə gün ərzində hərarətin olması, uşağın qusması normaldır. Ona görə də həkimə getdim kömək olmadı çöpçüyə apardım uşaq düzəldi kimi fikirlər absurd fikirlərdir və bunun heç bir tibbi, elmi əsası yoxdur”.
Havar Şəfiyeva