Əgar uşağın 1 yaşı varsa, ona qara va yaşıl çay vermək olmaz.
Bu sözləri Faktmedia.az-a açıqlamasında tanınmış pediatr Aytən İsmayılzadə deyib.
O, bildirib ki, çayın tərkibində həm kofein maddəsi, həm tanin maddəsi var:
“Tanin maddəsi minerallarla (dəmir, kalsium, maqnezium, sink) birləşərək onların bağırsaqdan sorulmasına mane olur. Hatta süd veran ana tünd çaydan çox istifadə etməməlidir. Çünki kofein sinir oyanıqlığına gətirib çıxarır. Çayın faydası da çoxdur. Yuxarı yaşlı uşaqlarda virus infeksiyalarında, üşüyəndə, yorğun olanda, halsızlıqda, ishal zamanı qara çay əvəzsizdir”.
Həkim qeyd edib ki, azyaşlı uşaqlara bitki və meyvə çayları daha məsləhətdir:
“Çobanyastığı, cira, razyana, kəklikotu, itburnu çayı, müxtəlif meyvələrin (quru, ya təzə) dəmləməsi çox faydalıdır. Soyuq meyvə çayları hər zaman istifadə edilə bilər. Müxtəlif meyvələr doğranır və üzərinə qaynar su tökülərək 7-8 saat saxlanılır. Soyuq va ilıq halda içilə bilər. Əlavə olaraq şəkər tozuna ehtiyac yoxdur. Keçibuynuzu bəkməzi və bal qatmaq olar. Uşaqlara şirin çay isə ümumiyyətlə vermək olmaz. Lakin şirin çaya öyrəşdirilən uşaqlar da az deyil, şirin çay içmək vərdişini tərgitmək yollarını axtaran valideynlərə də bu zaman meyvə çayları yaxşı seçimdir”.
Bəsti Məmməd