"Spirtli içkilər seqmenti ən çirklənmiş seqmentlərdən biridir. Ən brend dükanda, ən yüksək səviyyəli restoranda saxta, təhlükəli spirtli içkilərə rast gəlmək olur. Bu sahədə ən yaxşı tədqiqatı Daxili Işlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi aparıb. Spirtli içkilər ən bahalı restoranlarda əhaliyə satılır və bu yolverilməzdir".
Bunu Faktmedia.az-a Azad İstehakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, bu hal isteklakçının hüquqlarının pozulması, istehlakçının aldadılmasıdır:
"Təəssüf ki, İqtisadiyyat Nazırliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti bu işə nəzarət etmir. Əhali bilməlidir ki, spirtli içkilərin üzərində mütləq Azərbaycan aksiz markası olmalıdır. Aksiz marka saxta da ola bilər. Aksiz markanın üzərində gümüşü zolaq var və o zolağın üzərində Azərbaycanın gerbi görünməlidir. İstənilən malın, o cümlədən spirtli içkilərin uyğunluq sertifikatı, məişət sertifikatı olmalıdır. Alıcı satıcıdan bunu tələb etməlidir. Əhali arasında, hətta dünya istehlakçıları arasında səhv bir fikir var ki, spirtli içki nə qədər çox qalarsa bir o qədər keyfiyyətli olar. Bu fikir əslində yalnışdır. Bu, xüsusi çəlləklərdə, xüsusi temperaturda saxlanılan spirtli içkilərə aiddir. Mən özüm Fransanın cənubunda, şərab zavodunda olmuşam. Hündürlüyü 2 metr olan palıd çəlləklərdə konyak saxlanılır. Bizə orada olanda dedilər ki, yüksək səslə danışmayın, şərab ayılar. Satışa çıxarılan spirtli içkilərin üzərində mütləq buraxılma tarixi, yararlılıq müddəti olmalıdır. Əhali bilməlidir ki, satış şəbəkələrində arağın saxlama müddəti 1 ildən, konyak 3 ildən, şərab isə 6 aydan artıq deyil. Mən Fransa səfərində Azərbaycandan Gəncə şərabı aparmışdım. Bir aydan sonra mənə məktub gəldi ki, bu şərab qızıl medala layiqdir. Demək istəyirəm ki, ölkədə normal şərab istehsal edən müəssisələr də mövcuddur. Spirtli içkilərdən zəhərlənmə halları da baş verə bilər. Alıcılar diqqətli olmalıdır. Şübhələndikləri spirtli içkilərlə bağlı 1003 qaynar xəttinə müraciət etsinlər".
Rəna Həsənova