"Üzərində yararlılıq müddəti keçmiş məhsullar marketlərdə çox az miqdarda olur. Səbəbi də həmin məhsullara görə 1500 manat cərimənin tətbiq olunmasıdır. Bu işləri AQTA icra edir. İllər boyu bu məsələlərə Antiinhisar və Bazara nəzarət dövlət xidməti nəzarət edirdi. Yararlılıq müddəti bitmiş məhsulların hərəkət alqoritmi belədir: marketlərdən yığılıb distribütora, oradan da istehsalçıya qaytarılır. İstehsalçı həmin məhsulu yenidən qablaşdırır, etiketi dəyişdirilmiş şəkildə endirimlə yenidən satışa çıxarır".
Bu fikirləri Faktmedia.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu işlərə nəzarət mükəmməl deyil:
"İstifadə müddəti bitmiş məhsullar mağazadan çıxarılırsa birbaşa zibilxanaya getməlidir. Bu çox asanlıqla ifşa olunacaq məsələ deyil. Onların son taleyinin zibilxanada olmaması onu göstərir ki, həmin məhsullar yenidən bizə qayıdır. Biz dövlət orqanlarının dəfələrlə bu şəbəkəni ifşa etdiyini görmüşük. İstifadə müddəti bitmiş məhsulların məhv olma prossesində iştirak etmirik və görmürük. 4 ay bundan öncə Azad İstehlakçılar Birliyi, AQTA və istehsalçı firmanın öz təşəbbüsü ilə 100 tona yaxın ərzaq məhsulunun məhv edilmə prossesində iştirak etmişik. İlk olaraq bu işə "Azərsun" şirkəti, sonradan isə "Milla" şirkəti qoşuldu. Lakin, onlarla istehsalçı şirkəti var ki, onların məhsulları məhv olunmaq əvəzinə yenidən dövriyyəyə qayıdır. Bu məsələ problem olaraq yaşanır. AQTA bu məsələni kökündən həll edə bilmir. Gündəlik olaraq mağazalardan yararlılıq müddəti bitmiş məhsullar çixarılıb utilizasiya olunmalı, yaxud da heyvan yeminə çevrilməlidir. Mən hesab edirəm ki, bu işləri icra etmək üçün bir MMC yaradılmalıdır".
Rəna Həsənova