Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir bank bağlanıb. Son dövrlər bağlanan bankarın sayı artır.
Bankların bağlanma səbəbi barədə Faktmedia.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda bankların zaman-zaman bağlanması, bəzi problemli bankların sıradan çıxması müşahidə olunur:
"Əslində normal bazar qaydalarına uyğun olaraq bu prosseslər baş verirsə, burada ciddi əndişə yaranacaq bir məsələ deyil".
Ekspert əlavə edib:
"Amma, problem ondan ibarətdir ki, bu prossesin idarə olunması, əhalidə banklarla bağlı gözləntilər normal baş vermir. Nəticə etibarilə, bəzi bankların bağlanması əhalidə banklara olan güvəni kifayət qədər zədələyir və bu banklarda olan depozitlərə, eyni zamanda ümumi bank sisteminə təsir göstərir. Düzdür, hələki təhlükəli vəziyyət deyil, bağlanan banklar daha çox kiçik banklardır- yəni bazar payı az olan banklardır. Amma tendensiyanın özü yaxşı deyil. Bu onu deməyə əsas verir ki, Azərbaycan bank sistemində təmərküzləşmə də gedir- yəni 3- 4 bank bütün bank sistemini öz əlinə götürür ki, bu da yaxşı hal deyil. Bu, bank sistemində inhisarçılıq əlamətləridir və bunu açıq- aydın görmək mümkündür. İnhisarçılıq isə, heç vaxt normal inkişafa gətirib çıxara bilməz".
Xatırladaq ki, bundan öncə, bu ilin mayın 18-də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” müflis elan edilib, ƏSF Bankın ləğvedicisi təyin olunub.
Rəna Həsənova