Faizlərdə cüzi artım ola bilər. Bu da onunla bağlıdır ki, Mərkəzi Bank uçot dərəcəsini, yəni banklara verdiyi kredit faizinin dərəcəsini artırıb.
Bu sözləri Faktmedia.az-a açıqlamasında maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, Mərkəzi Bank eyni zamanda bankların orada saxladığı vəsaitin həcmini də artırıb:
“Banklar müştərilərdən qəbul etdiyi pulun daha çox hissəsini Mərkəzi Bankda saxlamalıdır. Yəni həmin pulu kredit kimi verə bilməyəcək. Buna görə də faktiki olaraq o itkini bərpa etmək üçün kredit fazilərini artıra bilərlər. Bunu da Mərkəzi bank özü bilə-bilə qiymət artımının qarşısını almaq üçün edir. İstəyir ki, kredit faziləri artsın, kreditləşmə azalsın, iqtisadi aktivlik biraz dayansın ki, qiymət artımı daha sürətlə davam etməsin. Düşünmürəm ki, böyük banklar faizləri artırsınlar. Böyük banklarda izafi nikbinlik var. Ancaq orta və kiçik banklar buna gedə bilər. Bu da böyük bankların mövqeyini daha da gücləndirəcək. Çünki müştərilər artıq böyük banklara üz tutacaq. Bu da orta və kiçik bankların zəyifləməsinə səbəb olacaq”.
Sevinc Hüseynova