"Mərkəzi Bankın uçot dərəcəsi onun banklara verdiyi kreditin faiz dərəcəsidir. Mərkəzi bank uçot dərəcəsini artırırsa, bu o deməkdir ki, inflyasiya, yəni qiymət artımı ilə mübarizə aparır. Bu halda banklar Mərkəzi Bankdan daha az kredit götürür, yaxud götürürsə kredit daha bahalı olur, deməli, bankların da kredit faizi artmalıdır".
Bunu Faktmedia.az-a maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, son nəticədə ölkədə daha az kredit götürülməlidir və bu da pul həcmini azaltmalıdır ki, qiymətlər artmasın:
"Məlumdur ki, pul həcmi çoxalanda qiymətlər artır, pul həcmi azaldıqda qiymətlər azalır. Qiymət artımı yalnız Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı deyil, bu sadəcə amillərdən biridir. Bu gün Azərbaycanda qiymət artımı var və bu baxımdan uçot dərəcəsinin artırılması labüddür. Digər tərəfdən də biz görürük ki, Mərkəzi Bank son 1 ildə mütəmadi faiz dərəcələrini artırır, amma bu, ölkədə kreditin azalmasına, yaxud da faizlərin artmasına gətirib çıxarmır. Son 1 ildə bankların kredit faizi artmayıb, çünki onsuz da, bankların kredit faizi kifayət qədər yüksəkdir. Ölkədə qiymət artımını nəzərə alsaq, bu baxımdan uçot dərəcəsinin artırılması düzgün addımdır. Lakin 0,5 faizin nə dərəcədə qiymət artımına təsiri olacaq, bunu zaman göstərəcək".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10 %-ə çatdırılıb.
Rəna Həsənova