"Azərbaycanda son bir neçə ildə, səhv etmirəmsə tütün məhsullarının 5-ci, yaxud da 6-cı qiymət artımıdır. Dünyanın hər yerində hökumətlər aksiz dərəcələrini, vergiləri qaldırmaqla tütün məmulatlarının qiymətini daha asan bahalaşdırmağa nail olurlar".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçı əlvə edib:
"Çünki bu sosial məhsul, sosial əhəmiyyəti olmadığı üçün hökumətlər tez-tez gömrük və vergi dərəcələrini, aksiz dərəcələrini qaldıraraq, tütün məmulatları və alkoqollu içkilərin qiymətinin artmasına səbəb olurlar. Bizdə də qiymət artımı son üç ildə bu 5 və ya 6-cı dəfədir ki, ard-arda baş verir. Əsas səbəbi də aksiz dərəcələrinin artırılmasıdır. Bundan öncə qərar verilmişdi ki, avqust ayından növbəti dəfə artırılacaq, yəqin, bunun da təsirlərini görürük. Axsiz dərəcələri, vergi yükü artdıqca qiymətlər da yüksəlir və biz də bunu müşahidə edirik. Burada etiraz etməyə də imkan yoxdur. Çünki bu sosial məhsul olmadığına görə - tütün məmulatları, siqaretin qiyməti nədən qalxır deyə etiraz etmək də olmur. Hökumət həm də bunu sağlam həyat tərzinin təşviqi ilə izah edir. Amma başqa ölkələrin təcrübəsinə baxanda görürûk ki, hansısa bir ölkədə tütün məmulatları qonşu ölkələrdən çox baha olursa, necə ki, bizdə indi bahalaşma sürətlə gedir, bu zaman həmin ölkəyə qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə tütün məmulatlarının keçirilməsi artır. Bu təhlükə indi də mövcuddur. Yəni Azərbaycan hökuməti ətraf ölkələrin qiymət siyasətini nəzərə almadan bu addımı atırsa, bir müddətdən sonra qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin həcmi arta bilər, yəni bu məsələ belə bir əks effekt doğurur".
Rəna Həsənova