Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaret bahalaşıb. Siqaretlərin bahalaşmasına səbəb firmalar göstərilir. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə ediblər.
Məsələ ilə bağlı FAKTMEDİA.AZ-a iqtisadçı Elşad Məmmədov deyib ki, siqaretlərin bahalaşmasının əsas səbəbi ölkədə idxaldan asılılığın yüksək səviyyədə olmasıdır:
"Çünki istehsal nəticəsində məhsulların üzərində "Made in Azerbaycan" yazmaq o demək deyil ki, istehsal prossesi ölkəmizdə lokallaşdırılıb. İdxal payı istehsal olunan məhsulların həm istehsal vasitələrində, həm də istehsal komponentlərində yüksəkdir. Dünyada isə qeyri-müəyyənlik, nəqliyyat- logistika zəncirlərində problemlər, qiymətlərin kəskin şəkildə artması müşahidə edilir. Belə olan halda, idxal məhsullarında qeyri- müəyyənlik olur və onların qiymətləri əksər hallarda artır. Ticarətin öz qaydaları da var. Hətta dünya bazarında qiymətin əmələ gəlməsilə bağlı artan amillər aradan qaldırılsa belə, sonradan həmin məhsulların qiymətləri enmir. Ona görə də biz hər dəfə dünya bazarındakı qiymət artımının ölkədə, daxili bazarda qiymətlərin artımına şərait yaratdığını görürük. Hətta qiymətlər dünya bazarında hansısa istehsal komponentlərinə, hansısa istehsal vasitələrinə endiyi halda belə, yenə də qiymətlər istehlakçılar üçün azalmır. Ona görə də idxaldan asılılıq dayanıqlı şəkildə bizi qiymət artımı ilə üzləşməyə məhkum edir. Bu məsələnin fundamental olaraq bir tərəfidir, digər tərəfi isə odur ki, biz niyə idxaldan asılıyıq? Bunun əsas səbəblərindən biri ölkədə kredit resurslarına əlçatanlığın aşağı səviyyədə olmasıdır. Yəni, kredit resurslarının baha olması istehsal prossesini çətinləşdirir və bu da öz növbəsində idxalın artmasına şərait yaradır. Bununla yanaşı bir məqamı da qeyd etmək lazımdır ki, bizim idxaldan asılılığımız həm də onunla bağlıdır ki, ölkədə daxili bazar o qədər geniş deyil ki, rentabelli şəkildə genişmiqyaslı istehsalın qurulması mümkün olsun və bu da, öz növbəsində regional iqtisadi əməkdaşlığın zəruriliyini diktə edir ki, ölkədə istehsal olunan tütün məhsulları və digər real sektora, istehsala aid məsələlərlə ölkəmizdə istehsal olunan məhsullar kifayət qədər bazar əldə etsin. Çünki bazarın geniş olmaması şəraitində istehsalın, xüsusilə də yüksək texnoloji sahələr üzrə rentabellik göstəriciləri aşağı olur".
Rəna Həsənova