"Ümumiyyətlə hər bir ölüm işi, istər evdə, istər stasionarda, yəni xəstəxanada, istər başqa yerdə səbəbi aydınlaşana qədər meyid ekspertziyaya gedib təşrih olunmalıdır, son diaqnoz dəqiqləşməlidir ki, bəlkə qəsdən öldürülüb. Təkcə əməliyyat zamanı deyil, bəzən rayonlarda da insan öldü aparıb dəfn edirlər, düşünmürlər ki, bəlkə onu öldürüblər".
Bunu Faktmedia.az-a tibb eksperti Adil Qeybulla deyib. Professor bildirib ki, bizə elə gəlir ailədə bu ola bilməz, amma indi kapitalizm və mülkiyyət münasibətlərinin müəyyənləşməsi gedir, bu dövrdə ailədaxili münaqişələr də artıb və bəzən ehtiyatsızlıqdan, yaxud da qəsdən ölüm halları baş verir və bu ört- basdır da oluna bilər:
"İstənilən bir hadisə, hətta insanın ölümü gözlənilirsə belə, o mütləq araşdırılmalıdır, ölümün səbəbi təyin edilməlidir. Əgər əməliyyat zamanı xəstə qanaxmadan və yaxud anesteziyadan dünyasını dəyişirsə, burada birbaşa məsuliyyət daşıyan şəxs əlbəttə ki, həkimdir. Amma, əməliyyat zamanı ölüm halları müxtəlif səbəblərdən, yəni əməliyyat travmasının uzunluğu və yaxud da əməliyyat zamanı ortaya çıxan müəyyən problemlərdən baş verərsə, bu da nəzərə alınmalıdır. Bütün bunları əlbəttə ki, tibbi ekspertiza müəyyən edir, həkimin məsuliyyəti müəyyənləşdirilir və məsuliyyətə uyğun da tədbir görülür. Dünyanın hər yerində bu belədir və bizdə də də belə olmalıdır. Səhiyyə Nazirliyində bu cür komissiyalar var hər sahə üzrə və bunlar araşdırılır, Xəstəxanada baş verən ölüm hallarının heç biri elə- belə qalmır, sadəcə olaraq tibb ictimaiyyəti bunu bilsə də, ola bilər geniş ictimaiyyətə bu açıqlanmasın. Amma, düşünməyin ki, bu ölüm halları araşdırılmır. Sadəcə olaraq bu cür ölüm halları araşdırılmalıdır, ümumiləşdirilməlidir, buraxılan səhvlərin səbəbləri aydınlaşdırılmalıdır. Klinik protokolların tətbiqini istər diaqnostikada, istər müalicədə Qərb standartlarına uyğunlaşdırmağa çalışmalıyıq ki, belə məsələlərdə problemlər yaşanmasın".
Qeyd edək ki, son aylar ölkədəəməliyyat nəticəsində ölüm sayları artıb. Yaxın günlərdə isə mədəkiçiltmə əməliyyatı( bariatrik) zamanı ölüm hadisəsi baş verib. Bu kimi məsələlərə nə TƏBİB, nə İcbari Tibbi Sığorta, nə də Səhiyyə Nazirliyi heç bir münasibət göstərməyib.
Rəna Həsənova