"Tıxacın əsas səbəbi tələb və təklifin arasında olan qeyri-bərabərlikdir. Tələb var, amma nə təklif edirik? Çeşidli ictimai nəqliyyat vasitələrinin olmaması fərdi nəqliyyat vasitələrinin sayının çoxluğuna gətirib çıxarır".
Bunu Faktmedia.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
"Digər qərb ölkələrində avtomobil bizdən çoxdur. Fərqimiz ondan ibarətdir ki, onlar gün ərzində fərdi avtomobillərdən necə istifadə edir və yaxud da niyə istifadə etmir? Çunki, onlar qurduğu infrastrukturda şəhərin A nöqtəsindən B nöqtəsinə getmək üçün çeşidli ictimai nəqliyyat növləri var. Çeşidli nəqliyyat dedikdə metro, tramvay, trolleybus, elektrik qatarı, mikromobillik vasitələri olan velozolaqlar və skuterlər nəzərdə tutulur. Eyni zamanda, bunların hərəkət etməsi üçün xüsusi ayrılmış hərəkət zolağı da var və ciddi nəzarət olunur. Həmçinin burada parklama zonaları üzrə qiymətin təyin olunmasına da sərt nəzarət olunur. Əgər tıxacdan danışırıqsa, səbəb bunların bizdə hələ ki, olmamasıdır. Sürətin azaldılmasının əsas hədəfi təhlükəsizliklə bağlıdır. Son 5 ildə ölüm statistikasına baxdıqda, yol qəzalarında ölüm hallarının çox olması müşahidə olunur. 5 il bundan əvvəl, 2019- 2023 il yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunmuşdur və proqramın əsas hədəfi yol qəzaları zamanı baş verən ölüm sayını 30 faiz azaltmaqdır. Təəssüf ki, azalmadı, əksinə daha da artır. Yüksək sürət səbəbindən qəzalarda ölüm halları daha çox olur. Elan olunmuş statistika var ki, hətta, 60 km/saat sürətlə hərəkət edən avtomobil insanı vurarsa bu 90 faiz ölümlə nəticələnir. Ona görə də sürətin azaldılması çox önəmli qərardır. Ən əsası da odur ki, bununla biz həm piyadaları, həm də sürücüləri qorumuş oluruq. Yüksək sürətin riskləri daha böyükdür", - ekspert əlavə edib.
Rəna Həsənova