"Konstitusiya məhkəməsinin qərarında söhbət yalnız ipoteka kreditindən deyil, ümumilikdə ipotekadan gedir. Fərq ondan ibarətdir ki, ipoteka istənilən daşınmaz əmlakın girovu deməkdir (ev, torpaq, mənzil, və s. fərqi yoxdur) .Biznes krediti, xaricə səyahətə, müalicəyə və yaxud təhsil almaq üçün gedən istənilən şəxs əmlakını girov qoydusa, bu artıq ipotekadır".
Bunu Faktmedia.az-a bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspert əlavə edib:
"İpoteka krediti isə, ev almaq üçün götürülən kreditdir. Azərbaycanda ipoteka kreditlərinin hər birində bir qayda olaraq şəxsin həyat sığortası var. Yəni, sığorta şirkəti onun həyatını sığortalayıb. Əgər şəxs vəfat etdisə, sığorta şirkəti həmin krediti bağlayacaq. Konstitusiya məhkəməsinin qərarı daha genişdir. Burada ipotekadan, yəni vəfat edən şəxsin borcundan söhbət gedir. Bu qanunda da var idi. Konstitusiya məhkəməsi yeni bir şey deməyib. Əgər şəxs dünyasını dəyişirsə, onun əmlakını, mirasını qəbul edən şəxs onun vərəsəsidir. Miras yoxdursa, vərəsə də yoxdur, yaxud miras var, amma heç kəs onu qəbul etmirsə, demək onlar vəfat etmiş şəxsin vərəsəsi hesab edilmir. Əgər qəbul edirsə, o zaman ölən şəxsin borcuna görə həmin o mirasın dəyərində məsuliyyətlidir. Əgər atanın 100 000 borcu var idi, övladına isə 50 minlik əmlak qoyubsa və övlad onu qəbul etdisə, yalnız qəbul etdiyi 50000 - i ödəməlidir. Eynilə, atanın 50 000 borcu var idi, övladına isə, 100.000- lik əmlak qoyubsa, övlad yenə də 50.000- i ödəyir, qalan 50.000 isə övladındır. Burada yeni və qeyri-adi heç nə yoxdur. Əgər şəxs vəfat etməyibsə, sadəcə öz borcunu ödəyə bilməsə nə baş verəcəkdi? Təbii ki, onu məhkəməyə verib evini geri alacaqdı. Yəni eyni hal burada da baş verəckdi".
Rəna Həsənova