Bir ildən artıqdır ki, MEDİA agentliyi jurnalistlərin ipoteka ilə ev ala biləcəklərini bildirib. Bəs bu prosesə nə zaman start veriləcək?
Faktmedia.az-ın sualını MEDİA-nın mətbuat xidmətinin rəhbəri Səidə Şəfiyeva cavablandırıb. O bildirib ki, ötən il, 2022-ci il, 8 fevral tarixli qərarla artıq jurnalistlər də güzəştli ipotekadan yararlanmaq hüququna malik oldular:
"Əsas şərtlərdən biri yalnız media reyestri olan jurnalistlərin müraciət edə bilməsi idi. Bu o deməkdir ki, media reyestrinə daxil edilmiş, vəsiqə əldə etmiş jurnalistlər bu hüquqa malikdirlər".
Qeyd edək ki, Azərbaycanda jurnalistlər güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ olan şəxslər siyahısına əlavə olunub. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən gənc ailənin üzvü olub, 5 illik jurnalist stajına malik olub Media Reyestrinə daxil edilmiş şəxslər, eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.
Rəna Həsənova