"Əvvəllər də kreditlər eyni qayda ilə ödənilirdi. Sadəcə Apellyasiya məhkəməsi şərh üçün Konstitusiya məhkəməsinə müraciət etdi. Çünki, bəzi hallarda vərəsələr mənzili qəbul edirdilər, amma öhdəliklərini, yəni kredit öhdəliklərini qəbul etmirdilər. Kredit öhdəliklərini qəbul etmək o deməkdir ki, şəxs hətta həyatdan köçsə belə, onun sığorta pulunu kimsə alır".
Bunu Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli açıqlayıb.
Ekspert əlavə edib:
"Onun həyat sığortası pulunu alan şəxs krediti ödəməkdən imtina edir. Ona görə imtina edir ki, həm də vərəsəliyi qəbul etdikdə paralel olaraq o pulu da almaq istəyir. Məhkəmələrdə bununla bağlı iş çox idi. İndi Konstitusiya məhkəməsi birdəfəlik şərh yazdı. Artıq məhkəmələrə ehtiyac qalmadı, məsələ yerinə yetiriləcək. Yəni vərəsəlik qəbul edilirsə, sığorta pulu alınırsa, o kredit də ödənilməlidir və yaxud da kreditlər həyat sığortasına aid olmayan banklar tərəfindən kommersiya krediti kimi verilibsə, yenə də vərəsəliyi qəbul edən şəxs öhdəliyi də qəbul etməlidir və krediti ödəməlidir. Bu günə qədər də bu belə idi. Sadəcə, əvvəllər mübahisələr yarananda məhkəmələr yolu ilə həll olunurdu. Banklar və yaxud da vətəndaşlar müraciət edirdi, işlər uzanırdı. Artıq Konstitusiya məhkəməsi bununla bağlı şərh verib, daha məhkəmə qərarına ehtiyac qalmayacaq".
Qeyd edək ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Rəna Həsənova