"Cənab Prezidentin Moskva səfərini uğurlu adlandırmaq olar. Dövlət başçısının Azərbaycan üzv olmasa da, Avropa İttifaqı Birliyinin sammitində iştirak etməsi Azərbaycanın beynəlxalq birlikdə qazandığı nüfuzun qiyməti idi".
Bunu Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə Prezidentin Moskva səfərini və üçtərəfli görüşü şərh edərkən deyib.
Deputat bildirib ki, konkret olaraq bu təşkilat, üzv olmasa da, Azərbaycanı hansısa bir formada təşkilatın işində görmək istəyirdi:
"Ermənistandan başqa bütün üzv ölkələrlə bizim sıx əlaqələrimiz var. Azərbaycan prezidenti orada iştirak etməklə Ermənistandan başqa, digər ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirdi. Eyni zamanda, əgər Ermənistanla da sülh müqaviləsi imzalanarsa, iqtisadi əlaqələrin qurulması mümkün olan məsələdir. Normal qonşuluq münasibətləri bu sahəni də özündə ehtiva edir. Gələcəkdə Azərbaycan situasiyalara uyğun hərəkət edəcək. Azərbaycan- Ermənistan prezidentlərinin görüşü sülh müqaviləsinin hazırlanması istiqamətində növbəti bir addım oldu. Doğrudur, hələ müqavilənin tam başa çatması üçün çox iş görülməlidir. Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq üçün hazırdır. Ermənistandan ancaq ərazi bütövlüyümüzü tanımaq və daxili işlərimizə qarışmamaq tələb edilir, bu isə, Azərbaycandan daha çox Ermənistanın maraqlarına cavab verir. Çünki, Azərbaycan torpaqlarını işğal etməsi Ermənistanı Azərbaycanın təşəbbüskarı olduğu bir çox regional-iqtisadi layihələrdən kənarda qoyur. Bundan sonrakı yol Ermənistanın seçimidir və Azərbaycan bu seçimə uyğun olaraq Ermənistanla münasibətlərini quracaq".
Rəna Həsənova