Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdədir. Prezidentin bu səfərinin gözləntiləri barədə Faktmedia.az-a millət vəkili Fazil Mustafa danışıb.
Səfəri şərh edən deputat bildirib ki, ölkə başçısı Moskvaya səfərini Qarabağ üzərində gerçəkləşdirir:
"Yəqin ki, Qarabağ məsələsinin müzakirəsi istiqamətində ciddi məsələlər diqqətə alınacaq. Çünki bütün platformalarda, istər ABŞ platformasında, istər Avropa birliyi platformasında, istərsə də Moskva platformasında ölkə Prezidenti bütün səylərini ortaya qoyub ki, məsələnin həllini yekunlaşdırsın. Yəqin ki, müzakirə olunan məsələlər barədə Rusiya ilə də fikir mübadiləsi olacaq. Rusiyanın da bu məsələdə mövqeyi bizim üçün olduqca vacibdir. Biz birlikdə bu problemi çözməliyik. Ölkədə marağı olan, gücü olan dövlətlərin rəyini nəzərə almaqla, təbii ki, öz prinsipial mövqeyimizdən geri çəkilmədən bunları həll etməliyik. Nəticə yəqin ki, ayrı-ayrı görüşlərdən sonra açılmayan fikirlərdə təqribən proqnozlaşdırılan formada olacaqdır. Ümid edirəm ki, bu məsələ də Azərbaycanın maraqları baxımından, Qarabağ məsələsinin həlli baxımından ciddi bir irəliləyiş olacaqdır".
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Rusiya Prezidenti Vladimir Putin tərəfindən xüsusi qonaq qismində dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edəcək.
Rəna Həsənova