"Ermənistanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında bayrağımızın təhqir edilməsi Ermənistanın sivillikdən, beynəlxalq hüquq normalarına riayət etməkdən nə qədər uzaq olduğunu göstərir. Hər dəfə özünün insanlıqdan uzaq hərəkətləri ilə bütün dünyanı təəccübləndirməkdə davam edir".
Bunu Faktmedia.az-a deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, hər an Ermənistandan hansısa bir siyasi təxribat, siyasi etikadan kənar addım, insanlığa yaraşmayan bir hərəkət gözləmək olar:
"30 il Azərbaycan torpaqlarını işğal altında saxlaması, kapitulyasiya aktına qol çəkdikdən sonra da Azərbaycanın indiyə qədər ərazi bütövlüyünü tanımaq istəməməsi, Azərbaycanın daxilində separatizmi dəstəkləməsi, əsir götürdüyü əsgərimizə qarşı vəhşicəsinə davranması və bayraq məsələsi. Bütün bunlar nə qədər çətin bir ölkə ilə qonşu olduğumuzu, Ermənistanın sivil münasibət sərgiləmək istəmədiyini göstərir. Azərbaycan əvvəldən beynəlxalq idman təşkilatlarını, Ermənistanın idmançılarımıza qarşı bir təxribat törədə biləcəyi barədə xəbərdar etmişdi. Ermənistan isə, hal- hazırda idmançılarımızın təhlükəsizliyinin qorunduğunu, o hadisənin o qədər də əhəmiyyətli insident olmadığını bildirir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, beynəlxalq idman təşkilatları Ermənistanın bu hərəkətinə ciddi bir cavab verməlidirlər. Azərbaycan Gənclər və İdman Nazirliyi, müvafiq idman federasiyaları artıq beynəlxalq idman federasiyalarına Ermənistanın bu hərəkəti ilə bağlı şikayət ünvanlayıblar. İnanırıq ki, onlar ədalətli qərar çıxaracaqlar. Bütün bunlara baxmayaraq, Azərbaycan öz üzərinə düşən beynəlxalq hüquqdan irəli gələn öz vəzifələrini yerinə yetirir, Ermənistandan fərqli olaraq Azərbaycana gələn Ermənistan idmançılarına, Ermənistanın atributlarına hörmətlə yanaşır. Bəlkə də Ermənistanın istəyi Azərbaycanı da hər hansı bir ağlasığmaz hərəkəti etməyə və bununla da beynəlxalq ictimaiyyətə başqa formada təqdim etməyə sövq etməkdən ibarətdir. Azərbaycan öz sivilliyini qoruyub saxlayacaq. Ermənistanın təxribatlarına qarşı bizim həmişə əks tədbirlər görmək imkanımız olacaq və beynəlxalq ictimaiyyətin də diqqətini bu məsələlərə yönəldəcəyik".
Rəna Həsənova