"Hər bir ölkənin milli və dövlət atributları onun üçün əzizdir və qiymətlidir. Beynəlxalq ictimaiyyət də bunu belə qəbul edir. Çox təəssüf ki, Ermənistanda Azərbaycan bayrağının yandırılması hadisəsi baş verdi. Bu, Ermənistanın azərbaycanlılara qarşı olan etnik nifrətinin göstəricisidir. Eyni zamanda azərbaycanlılara qarşı deyil, bütövlükdə mono etnik Ermənistan cəmiyyətinin digər xalqlara qarşı münasibətinin göstəricisidir".
Bunu Faktmedia.az-a deputat Hikmət Babaoğlu deyib.
Deputat əlavə edib:
"Çünki bir gün sonra qardaş Türkiyənin bayrağı da təhqir edildi. Şübhəsiz ki, nə qədər beynəlxalq təşkilatlar, beynəlxalq idman təşkilatları, ixtisaslaşmış federasiyalar, konkret halda Ağırlıq atletikası üzrə Avropa federasiyası tərəfindən qınanılmır və ya cəzalar tətbiq edilmir bu cür hallar davam edəcək. Amma məsələnin digər tərəfi də var. Bu Ermənistanın özünün özünü ifşa etməsidir. Ermənistanın necə bir cəmiyyət olması ilə bağlı özünü təsdiq etməsidir. Ermənistanda keçirilən Ağırlıq qaldırma üzrə Avropa çempionatında çoxsaylı ölkələr iştirak edirdi. Bu hadisələr onların gözünün qarşısında baş verdi. Doğrudur, gözlədiyimiz reaksiyanı nə Avropa Ağır atletika üzrə federasiyasından, nə digər beynəlxalq təşkilat və qurumlardan görmədik. Bu məsələyə onların belə yanaşması Ermənistana qarşı xüsusi münasibətlərinin olması ilə izah oluna bilər. Ancaq onlar özləri reaksiya versələr də, verməsələr də bu hərəkətləri gördülər. Mən düşünürəm ki, dünya idmanı sülh və barış vasitəsi kimi görmək istəyirsə, onun nifrət alətinə çevrilməsinə yol verməməlidir. Ermənistan idman kimi ümumi, sülhpərvər dəyəri, vasitəni də etnik nifrət alətinə çevirdi".
Rəna Həsənova