"Brüsseldə gözlənilən görüşün müzakirə mövzusu barədə hər hansı ehtimal irəli sürmək düzgün olmaz. Çünki danışıqların gedişatı, detalları, razılaşdırılmış və hələ də ortaq nöqtəsi tapılmayan məqamları barədə məlumat təbii ki, yalnız dövlət başçıları və XİN rəhbərlərinə məlumdur. Əslində bu, belə olmalıdır".
Bunu Faktmedia.az-a millət vəkili Elnur Allahverdiyev deyib. Deputat bildirib ki, bu baxımdan, 30 illik tarixi olan problemə dair yekun sülh müqaviləsi ətrafındakı danışıqların detalları barədə nə isə demək mürəkkəb məsələdir:
"Bununla belə, bəzi subyektiv qənaətimizi bölüşə bilərik. Məsələn, ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat onu deməyə əsas verir ki, Yerevandakılar danışıqların hazırki durumundan razı deyillər. Bu səbəbdən də ənənəvi vasitələrə əl atıb sülh prosesini ləngitmək istəyirlər. Biz bu xətti 30 ildir müşahidə edirik və ona görə də dövlətimiz belə ermənisayağı “sürpriz”lərə hazırdır. Hiss olunur ki, Ermənistanla yanaşı bu reallıdan narazı qalan başqa qüvvələr də var. Brüsseldə Nikol Paşinyanın onların təsirindənmi, ya təzyiqindənmi necə davranacağı təbii ki, vacib sualdır və biz ona cavabı yalnız görüşdən sonra tapa bilərik. Məsələn, Paşinyan son açıqlamalarında deyir ki, Brüssel görüşündə hansısa konkret nəticənin olacağını güman etmir, amma bununla belə o, müzakirələrə hazırdır. Paralel olaraq həm ABŞ, həm də Azərbaycan rəsmiləri bəyan edirlər ki, Vaşinqtonun vasitəçiliyi ilə keçirilən danışıqlarda mühüm irəliləyişlər olub. Ermənistan düşdüyü durumdan yayınmaq istəyir, ancaq bunu nə qədər edə biləcək və bununla nə qazanır, böyük sual altındadır".
Millət vəkili əlavə edib ki, Türkiyədə keçiriləcək seçkilərə gəldikdə, bizim üçün ən önəmlisi qardaş xalqın edəcəyi seçimdir:
"Proqnozlarla çıxış etmək, kimin şanslarının daha üstün olması barədə ehtimallar irəli sürmək düzgün olmaz. Biz əsas onu bilməliyik ki, Türkiyə ilə Azərbaycanı möhkəm tarixi tellər bağlayır. Bu əlaqələrin kökü olduqca dərindir. Mənəvi baxımdan biz qardaşıq. Sırf real siyasət baxımından yanaşsaq, strateji tərəfdaşlarıq. Bizim aramızda mövcud olan münasibətlərin dünya geosiyasətində analoqu, alternativi yoxdur. Bunu ən azı “Şuşa bəyannaməsi”nin maddələrinə baxdıqada görmək olar".
Rəna Həsənova