"Ümumilikdə Münhen Konfransı bir sıra məqamlarla yadda qaldı ki, bunlardan da biri “Vardanyan layihəsi” ilə bağlı idi. Ölkəmizin Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazır olduğunu deyən prezident bu istiqamətdə danışıqların yalnız Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə aparılmasının mümkünlüyünü qeyd edərək, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş heç kimlə danışıqların aparılmayacağını deməsi faktii olaraq “Vardanyan layihəsinə” vurulmuş zərbə kimi qiymətləndirilə bilər".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, cənab Prezident dəflərlə Vardanyanla bağlı öz sərt mövqeyini bəyan edib:
"İndi bu beynəlxalq platformadan istifadə edərək növbəti dəfə Vardanyanla bağlı qəti mövqe sərgiləməklə əslində rəsmi Bakını Qarabağ erməniləri ilə danışıqlar aparmağa dəvət edən Amerika və Avropa ilə yanaşı Rusiyaya da mesaj vermiş oldu. Yəni başqa sözlə desək bu adam orada ola-ola heç bir danışıqdan söhbət gedə bilməyəcəyini açıq şəkildə hər kəsin diqqətinə çatdırmış oldu".
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasında bildirib ki, biz Qarabağın erməni icması ilə danışıqlara Ruben Vardanyan ərazimizi tərk edəndən sonra başlaya bilərik.
"Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin”, – deyə dövlətimizin başçısı əlavə edib.
Rəna Həsənova