"Dünyanın nüfuzlu dövlət və hökumət başçılarının, ekspertlərinin iştirakı ilə keçirilən Münhen Təhlükəsizlik Konfransı xarici siyasət və təhlükəsizlik sahəsində dünyanın ən önəmli müzakirə və dialoq platformasıdır və Azərbaycan, bir qayda olaraq konfransın fəal iştirakçılarından biri sayılır".
Bunu Faktmedia.az-a politoloq Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində, enerji və nəqliyyat dəhlizlərinin şaxələndirməsində, xüsusilə də balanslaşdırıcı faktor kimi strateji roloynayır:
"Eyni zamanda ölkəmiz, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın və onun həssas və dinamik subregionlarının – Xəzər və Qara dəniz hövzələrinin təhlükəsizliyində mühüm rol oynayır, qlobal təhlükəsizliyə mühüm töhfə verir. Azərbaycanın Münhen Təhlükəsizlik Konfransında iştirakını diqqət mətrkəzinə gətirən amillərdən biri Prezident İlham Əliyevin regional və qlobal təhlükəsizlik məsələləri ilə bağlı aydın və strateji baxış bucağına malik olması, dövlətimizin başçısı tərəfindən irəli sürülən təşəbbüslərin, səsləndirilən fikirlərin geosiyasi proseslərin proqnozlaşdırılmasında real istiqamətləndirici faktor rolunu oynamasıdır. Bununla yanaşı, konfransda Prezident İlham Əliyevin iştirakını forumun mərkəzi hadislərindən birinə çevirən amilin, şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu, Cənubi Qafqazda baş verən proseslər və bu proseslərə kənar aktorların müdaxilə cəhdləri ilə bağlı olduğunu deyə bilərik".
Politoloq əlavə edib ki, Ermənistanın baş nazirinin konfransın işinə müstəqil şəkildə deyil, Fransa prezidentinin təkidi ilə qatılması Makronun prosesi ölkəmizin əleyhinə çevirmək və bundan faydalanmaq niyyətinə xidmət edirdi:
"Makron nəyin bahasına olursa olsun rəsmi Parisin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçi, daha doğrusu Ermənsitanın himayəçisi kimi iştirak etməklə Fransaın Cənubi Qafqazda ciddi təsir imkanlarına sahiblənməsini istəyir. Amma hər dəfə Fransa prezidentinin bu cəhdləri Azərbaycanın dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində iflasa uğrayır. Eyni hadisə Münhen Təhlükəsizlik Konfransında da baş verdi. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş ABŞ dövlət katibinin iştirakı ilə baş tutdu və Fransa-Ermənistan cütlüyü növbəti dəfə iflasa uğradı".
Rəna Həsənova