"İran hakimiyyəti tərəfindən Azərbaycana qarşı əks təbliğat həmişə aparılıb. Müstəqilliyimizi əldə etdiyimiz 1991-ci ildən başlayaraq və o cümlədən erməni işğalının davam etdiyi bütün dövrlər ərzində İran həm öz cəmiyyətində Azərbaycan haqqında yalnış təsəvvürlər yaratmağa çalışıb, həm Azərbaycan vətəndaşlarına qarşı özünün media orqanları, televiziya kanalları vasitəsilə təhqiramiz, həqiqətə uyğun olmayan informasiyalar yaymaqla məşğul olub".
Bunu Faktmedia.az-a deputat Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, bütün bu dövr ərzində Azərbaycan İranın bu hərəkətlərinə təmkinlə yanaşmışdır:
"Eyni zamanda, Azərbaycan ərazisində İran əleyhinə propaqanda aparılmasına yol verilməyib. Bu qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq istəyindən, ölkədə sülhü, qarşılıqlı etimadı möhkəmləndirmək arzusundan irəli gəlirdi. Son illərdə İran tərəfindən Azərbaycana qarşı aparılan açıq düşmənçilik siyasəti Azərbaycanı da vadar edir ki, bütün həqiqətləri həm cəmiyyətə, həm də İranda yaşayan soydaşlarımıza çatdırsın. Azərbaycan mediası da İran əleyhinə informasiyalarla, analitik şərhlərlə doludur. Bu da təbiidir. 30 il ərzində erməni işğalını dəstəklədiyinə görə, bu işğalın baş tutmasında dolayısıyla iştirak etdiyinə görə, Vətən müharibəsindən sonra açıq-aşkar Azərbaycan əleyhinə siyasət apardığına görə İran haqqında əsl həqiqətləri azərbaycanlıların bilməsi zəruridir".
Millət vəkili əlavə edib ki, Azərbaycan mediası öz fəaliyyətlərini düzgün istiqamətdə qurur:
"İrandakı Azərbaycan səfirliyinə qanlı hücumdan sonra İran hakimiyyətinin cinayətkarın həbs olunması heç bir addım atmaması və əksinə, bu cinayəti ört-basdır etməyə cəhd göstərməsi bir daha bizi vadar edir ki İran haqqında bütün həqiqətləri açıq-aşkar dilə gətirək.İranda 40 milyondan artıq soydaşlarımız yaşayır. Onlar bütün fundamental insan hüquqlarından məhrum vəziyyətdə yaşayırlar. Azərbaycanlıların yaşadıqları ərazilərdə ekoloji fəlakətlər törədilir. Məsələn, Urmiya gölünün məqsədli şəkildə qurudulması İran türklərinin həmin ərazilərdən ölkənin müxtəlif ərazilərinə köçürmək cəhdləri ilə birbaşa bağlıdır. İran hakimiyyəti öz ərazisində kompakt şəkildə yaşayan milli çoxluğu, yəni azərbaycanlıları bir yerdə yaşamaqdan məhrum etmək məqsədilə əraziləri dəyişdirir, onların öz azadlıq və insan hüquqlarını tələb etməsinə maneçilik törətməyə çalışırlar. Bütün bunlara baxmayaraq İranda yaşayan soydaşlarımız azadlıq uğrunda öz mücadilələrini davam etdirirlər. Mən əminəm ki, bu mücadilə öz nəticəsini verəcək. Cənubi Azərbaycan soydaşlarımızın azadlıq mübarizəsini dəstəkləyirəm".
Rəna Həsənova