"Azərbaycan xüsusən post-münaqişə dövründə daha dinamik xarici əlaqələr quraraq etibarlı tərəfdaşlar qazanmaqdadır. Əlbəttə ki, konstruktiv əlaqələrin qurulmasında ölkəmizin strateji mövqeyi, potensialı, prezidentin siyasi xarizması və etibarlı ölkə olması da burada başlıca rol oynayır. Uğurlu, tarazlaşdırılmış xarici siyasətin daha da inkişaf etdirilməsi ölkəmizin beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir".
Bu fikirləri Faktmedia.az-a politoloq Züriyyə Qarayeva deyib. O, hesab edir ki, Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır:
"Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması ənənəvi strateji müttəfiqliyin daha geniş həcmdə inkişafına yönəlib. Macarıstan Azərbaycanın strateji müttəfiqi, dostudur. Etnik-milli köklər baxımından xalqlar arasında yaxınlıq, tarixi əlaqələr fonunda 1991-ci ildə Macarıstanın ölkəmizin müstəqliyyini tanıması, 2004-cü ildə Bakıda, 2009-cu ildə Budapeştdə səfirliklərimizin açılması daha dinamik əlaqələr üçün baza rolunu oynayıb. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ikitərəfli əlaqələri yenidən baxılmış, əlaqələrin xüsusən enerji diplomatiyası çərçivəsində inkişafı perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur".
Politoloq qeyd edib ki, Macarıstan Azərbaycanın Mərkəzi Avropada əsas tərəfdaşı, Azərbaycan isə Macarıstanın Cənubi Qafqaz, Xəzər hövzəində əsas müttəfiqidir:
"Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bugünədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Enerji sektoruna gəlincə, enerji sahəsində əlaqələr iki istiqamətli inkişaf etdirilməkdədir. Birincisi, Macarıstan Cənub Qaz Dəhlizinin keçidində maraqlıdır. Məlumdur ki, XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Dəhlizin hələlik sonuncu layihəsi olan TAP-ın şaxələndirilməsində maraqlıdır. Bununla bağlı, Avropa Komissiyasına yeni interkonnektorların maliyyələşdirilməsi ilə bağlı müraciət edib. Macarıstan dövləti Cənub Qaz Dəhlizi üzrə məşvərət şuralarının iclaslarında iştirak edir. Cənubi Qaz Dəhlizi layihəsi genişləndirilsə, bundan Macarıstan da faydalana bilər".
Z. Qarayevaya görə, ikinci istiqamət, alternativ enerji mənbələrinin ixracı ilə bağlıdır:
"Azərbaycanın enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir. Hazırda günümüzün əsas çağırışları sırasında “yaşıl enerji” sahəsində əlaqələrin qurulması xüsusi yer tutur. Təsadüfi deyil ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Ölkəmiz bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri, həmçinin Macarıstan indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bu məsələ ilə bağlı dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Hazırki səfərlə həmin saziş çərçivəsində ehtiva olunan məsələlər praktiki həllini tapacaqdır".
Havar Şəfiyeva