Faktmedia.az yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilə olan müsahibəni təqdim edir.
- Rövşən bəy, ən çox oxucu kütləsi olan yazıçılardan biri sizsiniz. Oxucu kütləsini necə qazandınız?
- Heç vaxt oxucu kütləsini qazanmaq, oxucuları qane etmək kimi hədəfim olmayıb. Uğuru düşünmək onun əldə olunmasını çətinləşdirir. Bu, daim xoşbəxt olmağı tələb etdikcə rahatlığını itirməyə bənzəyir. Oxucu rəğbətinə köklənən yazıçı səmimiliyini itirir, doğru bildiyi kimi yaza bilmir. İçində həmişə “birdən oxucu bəyənməsə” əndişəsi olur, bu da onu tez ruhdan salır. Həmişə aktuallığını qoruyan stoa fəlsəfəsi deyir ki, özündən asılı olan işləri düşün və onlara görə narahat ol. Səndən asılı olmayan işlərə görə isə narahat olma. Oxucu sevgisi, işin nəticəsi səndən asılı olmayan, nəzarət dairəndən kənar işlərdir. Elə isə öz üzərində olan işi gör, ürəklə yaz, insanlara faydalı olan, həqiqətləri əks etdirən gözəl əsərlər qələmə almağa çalış. Uğur və rəğbət də tədricən gələcək.
- Psixoloq, yoxsa yazıçı: hansı sizə daha yaxındır?
- Hər ikisi. Birini digərindən ayrı təsəvvür edə bilmirəm. Çünki yaxşı psixoloq olmadan gözəl yazıçı olmaq çətindir. Həm yazıçının, həm də psixoloqun güclü müşahidə qabiliyyəti olmalıdır. Orta məktəbdən özümü, ətrafda baş verənləri müşahidə edir və psixoloji qeydlər aparırdım. Sonradan müşahidəçi olmaq bir vərdişə çevrildi. Bu sahədə təhsil aldım, bilik və təcrübələrimi əsərlərimdə əks etdirməyə başladım. Psixoloji biliklərim obrazların psixoloji portretini dəqiq çatdırmağa çox yardımçı olur.
- Səyahətlər edən yazıçılar sırasındasınız. Gəzdiyiniz ölkələri əsərlərinizdə necə canlandırırsız?
- Səyahətlər yaradıcılığımın bir hissəsini təşkil edir. Dünyagörüşümün genişlənməsində, yeni ideyaların formalaşmasında, biliklərimin artmasında rolu böyükdür. Gördüklərimi əsərlərimə köçürürürəm. İrlandiyaya səhayətim “Abaddon” romanında, Afrika səyahətlərim “Mən yeməli deyiləm” romanında, Bosniyaya səfərim “Relslər üzərinə uzanmış adam” romanında öz təsirini qoyub. Hazırda Antarktida səfəri barədə də roman yazıram və orada öyrəndiyim əvəzsiz məlumatlarla bərabər səfər zamanı qazandığım təcrübə, təəssüratlar da əsərə çox şey qatır. Hətta “IndieReaders” beynəlxalq ədəbi tənqidi qurumunun “Abaddon” barədə rəyində əsərin sanki bir irlandiyalı tərəfindən yazılması təəssüratı yarandığı xüsusi vurğulanmışdı. Bir çox oxucular “Relslər üzərinə uzanmış adam” romanını oxuduqdan sonra Bosniyaya səfər etmiş, hadisələrin cərəyan etdiyi məkanlarda olmuşdular. Xalqların xüsusiyyətini, fərqli adət-ənənələri, həyat fəlsəfələrini araşdırıb obrazlara köçürməklə oxucular üçün faydalı və təsirli əsərlər ərsəyə gəldiyini düşünürəm.
- Bu səfərləri yazıçı olduğunuz üçün, yazıb-yaratmağa, yeni düşüncələr axtarışında edirsiniz yoxsa necə?
- Yazıçı olmasaydım, ola bilsin ki, bəzi səfərlərə getməzdim, yaxud səfərlərin formatı fərqli olardı. Fəaliyyətimlə əlaqədar səfərlərdə ciddi plana riayət edir, yaradıcılığıma aid olan məqamlara köklənirəm. Ancaq yazıçı olmasaydım da, səfərlər həyatımda önəmli yer tutardı. Səyahət yeni düşüncələr formalaşdırır, təhlillərimə təsir edir, xalqlar, ölkələr barədə təsəvvürümü dəqiqləşdirir. Motivasiya xüsusiyyəti də var. İnsan anlayır ki, dünya çox böyükdür, həyat qaynayır, insanlar inkişaf edir, həyat fürsətlərlə doludur və hər yeni gün o fürsətləri həyata keçirmək üçün sənə verilmiş şansdır.
- Siz həm də İlahiyatçısınız. Yazdığınız psixoloji kitablardakı mövzulara dini yöndən toxunursunuz?
- Din tarixin ən dərin və çoxşaxəli mövzusu sayılır və təbii olaraq bəşər həyatının bütün fərdi və ictimai sahələrinə həmişə dərin nüfuz edib. İncəsənətin heç bir sahəsini dini motivlərdən arınmış təsəvvür etmək mümkün deyil. Luvrda, Vatikan muzeylərində qədim yunan incəsənətini, Sikstin kapellasında Mikelancelonun tablolarını incələmək, yaxud da İeronim Bosxun əsərlərini anlamaq istəyirsənsə, mütləq dini bilginiz olmalıdır. Gəzdiyim bütün muzeylərdə dini bilgilərim incəsənəti anlamağıma çox yardım edib. Akademik İlber Ortaylı deyir ki, dünya tarixini, mədəniyyətini, incəsənətini dərindən anlamaq üçün istər ateist ol, istərsə də teist, dini öyrənmək məcburiyyətindəsən.
Əsərlərimdə bəzən fəlsəfədən, bəzən tarix, psixologiya, bəzən də dini tematikadan istifadə edirəm. Əsərdə elə yerlər var ki, orada mütləq fəlsəfi təhlilə ehtiyac duyulur; elə məqamlar var, psixoloji baxış, elə məqamlar da var ki, yalnız dini yanaşma ilə mövzu açıqlığa qovuşur. Elmi-populyar janrda olan əsərlərdə mövzu oxucuya hərtərəfli aydın olsun deyə adətən bir neçə yanaşmanı paralel təqdim edirəm. Bir çox məqamlarda din ilə psixologiyanın hədəfləri və mövqeləri eyni olur. Karq Qustav Yunq, Erix Fromm, Viktor Emil Frankl kimi böyük psixoloqlar bu məqama toxunublar.
- Bəzən elm və din arasında mövzu toqquşmaları olur. Paralel olaraq hər iki sistemdə fəaliyyət göstərmək çətin deyil ki?
- Elm və din arasında mövzu toqquşmasının olması mümkün deyil. Çünki hər ikisinin mövzuları, hədəfləri, araşdırma metodları fərqlidir. Elm maddi aləmi tədqiq edərək nəzəri və təcrübi araşdırmalar aparır. Hər elm sahəsi özünə uyğun metodlarla özünə aid olan maddi prosesləri tədqiq edir və proqnozlaşdırır. Bütün elmlərin metodları eksperimentlər, mövzuları isə maddi cisimlərdir.
Dinin isə mövzusu mənəvi və metafizikdir. Elm maddi resurslarla işləyir, din isə qeyri-maddi. Mövzusu, hədəfi, araşdırma metodu tamamilə zidd olan iki sahəni qarşı-qarşıya qoymaq yanlışdır. Elə bil deyirsən ki, fizika ilə filologiya bir-biri ilə toqquşan sahələrdir.
Bir çoxlarının ən böyük səhvi də məhz din, Tanrı anlayışları barədə fikir almaq üçün eksperimental sahələrin alimlərinə müraciət etməkdir. Eksperimental elmlər metafizik mövzuları nə isbat, nə də rədd etmə gücünə malikdir. Din və elm bəzən eyni mövzuya köklənəndə də o mövzunu iki fərqli cəhətdən izah edirlər.
- Dindarlıq lazımdırmı?
- Məşhur amerikalı nevroloq Oliver Saksın beynəlxalq bestseller olmuş bir əsəri var, ˝Arvadını şlyapa zənn edən adam˝. O bu əsərdə öz həkimlik praktikasından maraqlı bir örnək verir. Korsakov sindorumundan əziyyət çəkən Cimmi adlı pasienti tədricən yaddaşını itirir. Xəstə harada olduğunu, xəstəxanaya nə zaman, nə üçün gətirildiyini xatırlamır, dəhlizə çıxdıqdan sonra palatasını belə tapa bilmir. Heç nəyi xatırlamayan bu xəstələr zahirən bütün hiss və emosiyalarını itirir, zombi kimi olurlar. Saksı bu məsələ düşündürür: şiddətli amneziyası olan xəstənin vücudunun dərinliyində nəsə qalırmı? Elə hisslər, bilgilər varmı ki, hər şey yaddan çıxsa da, unudulmasın?
Saks bir gün Cimmini xəstəxananın ibadət otağında olanda izləyir. Gördükləri onu çox təsirləndirir. Cimmidə indiyə qədər onun məhrum olduğunu düşündüyü bir dərinlik və diqqət müşahidə edir. Diz çökərək göz yaşları içində dua edən Cimminin dini ayinləri unutmadığını, qəlbinin dərinliyində Yaradana etiqadını qoruyub saxladığını görür. Saks yazır ki, həmin an Cimmidə Korsakov sindromundan əsər-əlamət yox idi, o özünü tapmış, mənəvi diqqətin və etiqad aktının zirvəsində reallıqla əlaqəsini tam bərpa etmişdi.
Oliver Saks belə qənaətə gəlir ki, insanın yalnız yaddaşdan ibarət olduğunu iddia etmək yanlışdır. O, eyni zamanda mənəviyyatdan, etiqaddan da ibarətdir. Bu etiqad insanın şəxsiyyətini, kimliyni təşkil edir. Yunan filosofu Siseronun belə bir sözü var: ˝Tanrıların olması ümumi olaraq bütün xalqlara məlumdur. Belə ki, bu bilik hamıda anadangəlmədir. Sanki qəlblərə həkk olunub˝. Plutarx isə deyir: ˝Bütün dünyanı gəzsən, yazısı, rəhbəri, sarayı, sərvəti, pul vahidi olmayan yaşayış məntəqəsi tapa bilərsən. Lakin indiyə qədər heç kəs məbədləri və tanrıları olmayan, orada dua edilməyən, müqəddəslərin adına and içilməyən bir məntəqə görməyib˝.
Ona görə də ˝dindarlıq lazımdırmı˝ sualı fəlsəfi, psixoloji tərəfdən tamamilə yanlışdır. Bu sual ˝insan psixologiyası lazımdırmı?˝, ˝insan düşüncəsi, insan dərki mühümdürmü?˝ sualına bənzəyir. Dini dərk, Yaradana meyil insandan ayrılmazdır, fitridir. Sadəcə çalışmaq lazımdır ki, bu hiss bizi yanlış ünvanlara, mövhumata sövq etməsin.
- Dindarlıq mövhumatçılıq deyilmi?
- Dinə, mənəviyyata olan meyil düzgün istiqamət alsa, insanı daha güclü edər, ruhani və ictimai inkişafına səbəb olar. Bu hiss insana həyatın ali hədəfini, mənasını tapmaqda yardım edir. Mövhumat isə dinə meylin yanlış yönləndirilməsi nəticəsində yaranır. İman insanın həqiqətindən ayrı deyil, mövhumat isə həmişə yanlışdır. İmanda ağlın isbat etdiyi Yaradana etimad var, mövhumatın isə heç bir məntiqi dayaq nöqtəsi yoxdur. Mövhumat qorxu ilə dini cəhalətin qarışığından doğur. İnsan dinin fəlsəfəsini anlasa, əqli kamilliyi olsa, heç vaxt mövhumat ona yol tapa bilməz. Həqiqi din həmişə mövhumata qarşı olub, onunla mübarizə aparıb. Təəssüflər olsun ki, çox vaxt insanlar dinlə mövhumatı bir-birindən ayırmağa çətinlik çəkirlər. Buna səbəb dini təbliğ edən ruhanilərin savadsızlığı, intellektual səviyyələrinin aşağı olması, dünyəvi elmlərdən bixəbər olmalarıdır. Nəticədə insanda fitri olan iman elementindən sui-istifadə olunaraq mövhumatçı dindar kütlə yetişdirilir. Həqiqi din adı altında müsəlmanlara sırınan mövhumat onların geriliyinə, təhsildən, elmdən, müasirlikdən, texnoloji inkişafdan geri qalmalarına, tərki-dünya yaşamalarına səbəb olur. Belələrindən çox vaxt yanlış məqsədlər üçün sui-istifadə olunur.
- Bir çox gənc yazıçılar da var ki, sizi ciddi yazıçı kimi qəbul etmirlər. Buna münasibətiniz necədir?
- Məncə, ciddi əsərlərin ümumi meyarları bəllidir. Əsərlərim Amerikanın ən mötəbər rəy qurumları tərəfindən yüksək dəyərləndirilib. Qeyd edim ki, Amerikanın tanınmış nəşriyyatları, film maqnatları bu şirkətlərlə əməkdaşlıq edir. ˝Relslər üzərinə uzanmış adam˝ romanı 2020-ci ildə “Readers’ Favorite”-in keçirdiyi beynəlxalq müsabiqədə minlərlə əsərlərin arasında qızıl medala layiq görüldü. ˝Abaddon˝ və “Bu şəhərdə kimsə yoxdur” “beş ulduz” fərqlənmə nişanı ilə də təltif edilib. “Kirkus” kimi əsrlik yaşı olan ədəbi qurum romanlarım barədə çox yüksək rəy yazıb, hətta bu rəylərin bəzilərini bizdən xəbərsiz öz xüsusi nəşrlərində də dərc ediblər. Bu il ˝Üzləşmə˝ əsərim Təhsil Nazirliyinin qrant müsabiqəsinə təqdim etdiyim layihə çərçivəsində qalib oldu. Nəticədə bu əsər hazırda 10-11-ci siniflərdə özünütanıma, psixoloji problemləri aşmaqda metodik vəsait kimi tədris olunur. İlk romanım ˝Bu şəhərdə kimsə yoxdur˝ bəzi illərdə yerli və xarici kitablar arasında ilin ən çox satılan əsəri seçilib, bu yaxınlarda 25-ci dəfə nəşr olundu. Oxucularım arasında müxtəlif sahələri təmsil edən ziyalı insanlar çoxdur. Psixologiya, fəlsəfə, iqtisadiyyat, şərqşünaslıq, ilahiyyat sahəsində akademik təhsilim kifayət qədər ciddi əsərlər qələmə almağıma imkan verir. Ümumiyyətlə, ölkəmizdə və ya dünyanın hər hansı bir yerində bir azərbaycanlı uğur qazanırsa, hamımız bir olub onu dəstəkləməliyik, daha da irəli getməsi üçün əlimizdən gələni etməliyik, çünki bu həm də ümumi inkişafa xidmət edir. Cəmiyyətdə ˝biz˝ düşüncəsi ˝mən˝ düşüncəsini əvəzləməyənə qədər sürətli inkişafdan danışmaq əbəsdir.
Havar Şəfiyeva