Azərbaycandan gedib İrana təhsil alanların sayı kifayət qədərdir. Onlar əsasən İran mollalarına inanır, onların buyurduğu ilə oturub-dururlar. Onların arasında məşhur meyxanaçılar, ilahiyyatçılar var. Son hadisələr isə göstərdi ki, İrandan Azərbaycana xoşniyyətli heç bir şey keçə bilməz. Bu mənada İrandan gəlib Azərbaycanda "başbilənlik" edən ilahiyyatçılar da islah olunmalıdır.
Bu barədə Faktmedia.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, bu barədə bir şey söyləyə bilmərəm, çünki bu istiqamətdə dövlət orqanları müəyyən addımlar atırlar:
"Amma heç də bizim vaxtında dediyimiz sözlərin hamısının eşidildiyi mənasına gəlmir. Biz ancaq fikirlərimizi söyləyirik. Ümid edirəm ki, məsələyə ciddi diqqət yetiriləcək, amma arzulanan diqqət vaxt keçəndən sonra göstərilməyə başladı. Bu ölkəmiz üçün böyük bir təhlükəli istiqamət deməkdir. İndi də gec deyil, bu insanların geniş bir auditoriyada Azərbaycan əleyhinə təbliğat aparması, başqa ölkənin dəyərlərinin burada təbliğ edilməsi, insanları yanlış istiqamətdə yönləndirməsi, müəyyən pozuculuq fəaliyyətləri göstərməsi ciddi narahatedici amillərdir və qarşısı alınmalıdır. Çünki bu adamlar müstəqil insanlar deyillər. Böyük əksəriyyəti təlimatı oradan alırlar və təlimatı əsasında fəaliyyət göstərirlər. Biz də başqa ölkənin daxili işlərimizə qarışmasına səbr edə bilmərik".
Qeyd edək ki, Qeyd edək ki, bu il Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Silahlı hücum zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı həlak olub. Bundan sonra Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Sözügedən media orqanının 39 əməkdaşı saxlanılıb.
Rəna Həsənova