Respirator Sinsitial Virusa qarşı (RSV) peyvənd ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib. Arexvy peyvəndi Britaniyanın GlaxoSmithKline (GSK) əczaçılıq şirkəti tərəfindən hazırlanıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Qida və Dərman İdarəsinin Bioloji Qiymətləndirmə və Tədqiqat Mərkəzinin direktoru Peter Marks açıqlama yayıb.
"Dünyada ilk dəfə qeydə alınan RSV peyvəndi xəstəliyin qarşısını almaq üçün böyük ictimai səhiyyə nailiyyətidir”,- deyə mütəxəssis qeyd edib.
RSV bütün yaş qruplarında ağciyərlərdə və tənəffüs yollarında infeksiyalara səbəb olan yoluxucu virusdur.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, RSV səbəbilə hər il təxminən 60 mindən çox insan xəstəxanaya yerləşdirilir. Xəstəlikdən hər il 6 mindən çox ölüm faktı qeydə alınır.
Qeyd edək ki, peyvəndin klinik sınaqlarında 12 min 500 nəfər iştirak edib. Nəticəyə görə, xəstəliyin inkişaf riski 82,6 faiz azalıb. Ağırlaşmaya qarşı təsiri isə 94,1 faizə enib.
Havar Şəfiyeva