"Ana dilinin səlis şəkildə öyrədilməsi ilə həmin dilin xarici dil kimi öyrədilməsi arasında böyük fərq var. Hazırda bu məsələyə yanaşılan prinsiplər, yəni dinləmə-anlama, oxu, yazı və s. əsasən xaricilərə hər hansı bir dilin öyrədilməsində beynəlxalq standartlara uyğun olan prinsiplərdir. Biz unutmamalıyıq ki, bu dili onun daşıyıcısına, yəni onu artıq bu prinsiplərinin çoxuna bələd olan bir kontigentə tədris edirik".
Bunu Faktmedia.az-a açıqlamasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə deyib.
Onun sözlərinə görə, dinləmə-anlama məsələlərindən daha çox fikrini ifadə etmə bacarığı, bu zaman dilin qrammatik kateqoriyalarından düzgün istifadə edə bilmə bacarığı, dilin söz ehtiyatının böyük bir hissəsinə bələd olma və ondan rahat istifadə edə bilmə bacarığı öyrədilməlidir:
"Digər bir məsələ dərsliklərdə verilən materialların keyfiyyəti ilə bağlıdır. Oxu materiallarının çoxu tərcümə olunmuş əsərlərdir. Bildiyimə görə, digər fənlərə aid dərsliklərdə də müəyyən problemlər müzakirə obyektidir. Düşünürəm ki, bu məsələdə orta məktəblərdə dərs deyən müəllimlərin fikir və iradlarına daha diqqətlə yanaşılmalı və müqtləq bir şəkildə bu iradlar nəzərə alınmalıdır".
Sevinc Hüseynova