"Məlumdur ki, Ramazan ayı oruc tutan, istər üzrlü, istərsə də üzrsüz səbəbdən oruc tutmayan hər bir müsəlmanın bayramıdır. Bu ay başa çatdıqda oruc tutanlar da, tutmayanlar da fitrə zəkatı deyilən ianə verməlidirlər. Arpa, buğda, xurma, qarğıdalı, qarabaşaq, kişmiş kimi məhsullardan evindəki adam başına 3 kq miqdarında kasıb, fəqir insanlara, onların qürurunu alçaltmamaq şərti ilə verilir".
Bunu Faktmedia.az-a dinşünas Tural İrfan deyib.
İlahiyyatçı əlavə edib:
"O şeylərin pulunu da vermək olar. Tutaq ki, qədimdə buğda kişmiş ilə eyni qiymət ola bilərdi, ancaq indi kişmiş baha, arpa, buğda daha ucuzdur. Bu zaman qeyd edilən məhsulların ortaq qiyməti götürülür. Məsələn, indiki dövrdə buğdanın 1 kq-ı 40 qəpik, kişmişin 1 kq-ı 15 manatdırsa, xurmanın orta qiyməti 5 manatdırsa bu məhsulların ümumi qiyməti hesablanıb ortaq bir məbləğ çıxarılır.
Səfərdə olan, xəstəlik səbəbi ilə və ya digər problemlər ucbatından orucu üzrlü səbəbdən tuta bilməyənlər sonra həmin genlərin qəzasını tutacaqlar günə - gün. Yox gücü yetib qəsdən tutmayanlar həm qəza orucu, həm də kəffarə orucu tutmalıdır. Bu da 60 gündür. Ona da gücü etməyənlər, tutmadıqları hər gün üçün 750 qram yuxarıda sadalanan məhsulların ortaq dəyəri qədər kəffarə verməlidirlər fəqirlərə.
Fitrə verilən adamı alçaltmaq günahdır. Aparıb adama "al sənə fitrə verirəm" kimi qaba formada yox, nəzakətlə, o şəxsin qüruruna toxunmayacaq formada təqdim etmək lazımdır. Tutaq ki, fəqir şəxsə qonaq gedib o məhsulların dəyəri qədər ona ərzaq aparmaq olar. Qocalar evinə, uşaqlar evinə, yetimlərə və bu işlərlə məşğul olan fondlara da vermək olar.
Əsas odur ki, sosial cəhətdən bəndələrə əl uzadasan.
Oruc tutub 30 gün ac qalmağın fəlsəfəsi odur ki, yemədiyin 30 günlük günorta yeməyini axırda cəmləşdirib aclara, kasıblara verəsən.
Bəzən elə başa düşülür ki, yalnız adam başına düşən miqdar və ya məbləğdə fitrə vermək olar, ondan artıq vermək olmaz. Belə deyil. İmkanlı adamlar var ki, oruc tutsa da, tutmasa da onlar daha çox fitrə sədəqəsi vermək gücündədirlər. Məsələn, imkanlı müsəlman tutaq ki, 100 kisə un aparıb bir kəndin kasıb insanlarına o niyyətlə paylaya bilər".
Havar Şəfiyeva