"Ramazan bayramında insanların oruc tutması dinimizə görə etməli olduğumuz borclarımızdan biridir. Ancaq bir çox insanlar bunu çəki vermək üçün həyata keçirirlər, lakin bu yol verilməzdir. Belə insanların baş ağrıları çox olur".
Bunu Faktmedia.az-a qida mütəxəssisi Məhsəti Hüseynova deyib. Ekspert əlavə edib ki, bu, orqanizmin kifayət qədər maye qəbul etməməsindən asılıdır:
"Yaxşı olar ki, oruc tutan insan bu məqamı nəzərə alsın və hər kq bədən çəkisinə görə mütləq şəkildə 30 mq su içsin. İftar və imsak vaxtı bu suyu miqdarı ilə bölüb qəbul edilməlidir. Əks halda orucluqdan sonra toksinlərin yığılması nəticəsində xoşagəlməz hallar yaşana bilər. Çünki orqanizmdə bütün proseslər içdiyimiz su hesabına baş verir. Qidaların tərkibindəki bir çox zərərli elementlər orqanizmdən su vasitəsilə xaric olunur. Ramazan ayında orqanizm 16-18 saat ac qalır. Qəbul edilmiş qidaları nəzərə alaraq vaxta əsasən balanslaşdırmaq lazımdır. Çünki orqanizm gün ərzində 40-dan 70-ə qədər makro və mikro maddələr qəbul etməlidir ki, gün boyu enerjili olsun və orqanizm üçün lazım olan hərəkətliyi təmin etsin. Bunun üçün orqanizmdə qəbul edəcəyimiz qidaların mütləq şəkildə çox çeşidliliyni təmin etməliyik".
Havar Şəfiyeva