"90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublukamızda müvafiq qanunlar qəbul edilib".
Bunu Faktmedia.az-a Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova deyib.
"Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sira digər Dövlət Proqramları təsdiq edilib, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Cəmiyyətin bir çox ənənələrini qoruyub yaşadan ailə dəyərləri illər keçdikcə öz əhəmiyyətini, tarixiliyini itirmir, əksinə daha da inkişaf edir və formalaşır. Lakin biz nikah və boşanmaların dinamikasını nəzərədən keçirsək, görərik ki, boşanmalar əksər ölkələrdə artır. Belə ki, son 70 ildə dünya əhalisinin hər 1000 nəfərinə düşən nikahların xüsusi çəkisi 3dəfə azalıb, boşanmaların xüsusi çəkisi də bir o qədər azalıb. Ölkəmizdə də son illərin dinamikasında boşanmaların sayında artımlar müşahidə olunur",- deyə Hicran Hüseynova bildirib.