“Dünyada qlobal istiləşmənin təsiri ilə su mənbələrinin quruması prosesi şiddətlənib. Mənsub olduğumuz bölgə su ehtiyatları ilə o qədər də zəngin deyil. Ötən 2 ildə İranın cənub bölglərində su qıtlığı böhran həddinə çatmışdı. Azərbaycan Qafqazda yerləşir, digər iki qonşu dövlətlə müqayisədə su ehtiyatlarımız azdır".
Bunu Faktmedia.az-a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
E. Cəfərli hesab edir ki, içməli su rerurslarımız təşkil edən çayların əksəriyyəti başqa ölkələrin ərazisində formalaşır:
"Kür, Araz Türkiyə ərazisində formalaşır, biri Gürcüstandan, o biri Ermənistandan keçərək ölkəmizə daxil olur. Çaylar ərazisindən keçən bütün ölkələri su resursu hesab edilir. Bu resursdan kim nə qədər istifadə etməlidir deyə bir ölçü yoxdur. Əsas çaylarımız olan Kür, Araz və Samur keçdiyi ölkələrdə də təsərrüfat məqsədilə istifadə edilir. Şimal-şərq bölgəmizdə ən böyük çay ola Samur da Dağıstanla ortaq istifadədir. Yeri gəlmişkən Bakı-Abşeronun əsas içməli su qaynağı bu çaydır. Ötən il Samurda suyun səviyyəsi xeyli aşağı düşmüşdü. Çaylarda suyun azalmasında insan amilinin böyük rolu var. Əhalinin artması ilə əlaqədar kənd təsərrüfatı sahələrinin böyüməsi zəruridir. Əkin sahələri artıqca su resurslarının istifadəsi də artır".
Sədr problemdən çıxış yolu kimi bildirir ki, ölkəmizdə su qıtlığının böhran həddinə çatmaması üçün iri çaylardan qeyri-qanuni yollarla su götürülməsinin qarşısı alınmalıdır:
"Qeyri-qanuni su şəbəkələri aşkara çıxarılaraq ləğv edilməlidir. Ölkədə, xüsusilə Bakı və Abşeronda texniki su şəbəkələri bərpa edilməli, tullantı sularının təkrar istehsalı müəssisələri yaradılmalıdır. Ən əsası əhali artıq su israfına son qoymalı, qənaət rejiminə alışmalıdır. Hətta mətbəxdə belə içməli suya qənaət etmək lazımdır”.
Havar Şəfiyeva