ABŞ-da tədqiqatçılar Alzheimer xəstəliyinin ilkin mərhələsində olan insanların bağırsaqlarında sağlam insanlardan fərqli bakteriyaların olduğunu aşkar ediblər.
Vaşinqton Universiteti Tibb Fakültəsinin Laboratoriya və Genetik Tibb professoru Qautam Dantas və komandası bu barədə tədqiqat aparıblar. Mütəxəssislər bildiriblər ki, bu araşdırma Alzheimerin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.
Tədqiqat qrupu, tədqiqat iştirakçılarının Alzheimer xəstəliyinin başlanğıcında olub-olmadığını öyrənmək üçün beyin skanını həyata keçirib.
Tədqiqatda 164 iştirakçının təhliləri analiz olunub. Nəticədə iştirakçıların 49 nəfərinin beynində "amiloid beta" zülalı və mərkəzi sinir sistemində "tau" zülalı aşkar edilib. Məlum olub ki, bu iştirakçılarda Alzheimer hələ yeni mərhələdədir.
Tədqiqatda qeyd olunub ki, araşdırmada iştirak edən həm Alzheimer xəstəliyinin yeni mərhələsində olan iştirakçılar, həm də digər sağlam insanların qida rasionu, o cümlədən pəhrizi eyni olub. Buna baxmayaraq, Alzheimer xəstələrində müxtəlif növ bağırsaq bakteriyaları aşkar edilib.
"Biz hələ bilmirik ki, bağırsaq beyinə təsir edir, yoxsa beynin bağırsağa təsir edir",- deyə tədqiqat müəlliflərindən olan professor Dantas bildirib.
O, bağırsaq mikrobiomunda baş verən dəyişikliyin beyindəki hər hansısa funksiya pozulmasından qaynaqlana biləcəyini vurğulayıb.
Xəyalə Xəlilova