"Baş vermiş hadisə Türkiyə üçün çox ağır bir yaradır və bunun sağalması üçün böyük bir zaman lazımdır".
Bu sözləri Faktmedia.az-a Millət vəkili Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, bu ağrını Türkiyə ilə bərabər Azərbaycan xalqı da iliklərinə qədər hiss edir və Türkiyəyə lazımı yardım göstərir:
“Binalar düzələr, şəhərlər yenidən salınar, amma itirilən canları geri qaytarmaq mümkün deyil. Bu ağrını Türkiyə ilə bərabər Azərbaycan da canında, ruhunda hiss edir. Türkiyəyə dəstək olmaq, bu ağır günlərdə qardaş xalqın yanında olmaq bizim borcumuzdur. Çünki İkinci Qarabağ savaşında Türkiyə də Azərbaycana eyni münasibəti göstərmişdi. Yardım kampaniyaları hələ də davam edir. Bu millətin, insanların istəyidir. Edilən bütün yardımlar bu xalqın ürəyinin əmələ yansıyan halıdır. Hər gün dağıntılar altından çıxarılan, sağ qalmış insanlar bir təskinlikdir. Rusiya, Ukrayna, hətta bütün dünya bu gün Türkiyənin yanındadır. Bu qədər üst-üstə gələn fəlakətlərin qarşısında insanlıq bir yerdə dayanmalı, yumruq kimi birləşməlidir. İnsan oğlu yaşadığı faciələrdən nəticə çıxarmalıdır. Əgər müharibələrə, silahlara sərf olunan vəsaitlər olmasaydı dünya başdan-başa cənnət olardı. Türkiyə hər zaman ədalətli mövqe tutan bir dövlət olub. Onun ədaləti Ukrayna-Rusiya müharibəsində də özünü göstərdi. Türkiyə onları hər zaman barışdırmağa çalışdı”.