"Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitlərinin məcburi şəkildə aldırılması təbii ki, düzgün deyil. Şagirdlərə əlavə dərs vəsaitləri məcburi şəkildə aldırıla bilməz. Bu məsələ ümumilikdə könüllü olmalıdır. Azərbaycan Respublikasında şagirdlərə dərsliklər pulsuz paylanılır. Bu,Ulu öndər H.Əliyevin prezident olduğu dövrdə, ölkə başçısının qərarı ilə təsdiqlənib, həmin dövrdən dərsliklərin pulsuz paylanılması təmin edilmişdir və bu gün də dərsliklər pulsuz paylanır. Bütövlükdə proqramın məzmunu- yəni sinifdə tədris olunan proqram mövzuları dərsliklərdə əhatə olunmuşdu".
Bu fikirləri faktmedia.az-a elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Ekspert əlavə edib:
"Müəllim tədris etdiyi fənni dərsliklər üzərində qurulmuş proqram əsasında tədris edir. Mən düşünürəm ki, şagirdlərə əlavə dərs vəsaiti aldırmaq qanunsuzluqdur və əgər hər hansı məktəbdə, hər hansı sinifdə şagirdlər, yaxud valideyinlər belə hallarla üz- üzə qalarsa, onlara əlavə dərs vəsaiti aldırılarsa, bununla bağlı onlar mütləq şəkildə Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər. Məcburi şəkildə əlavə dərs vəsaiti aldıranlar mütləq şəkildə cəzalandırılacaqlar. Paytaxt məktəblərindən tutmuş, ucqar kənd məktəblərinə qədər, bütün şagirdlər dərs vəsaitləri ilə təmin olunurlar. Əlavə dərs vəsaitləri yalnız könüllü şəkildə alına bilər. Belə hallarla bağlı bizə müraciətlər olur və məlum olur ki, bunun arxasında hansısa bir nəşriyyat, məktəb və yaxud müəllim hansısa maraqlar çərçivəsində razılaşma əldə edirlər və bu əlavə dərs vəsaitlərini şagirdlərə aldırmağa cəhd edirlər. Qeyd etdiyim kimi, bu yalnız könüllü əsasda olmalıdır. Əlavə vəsaitlərin aldırılması uşaqlar arasında ayrıseçkiliyə də səbəb olur, kiminsə imkanı varsa alır, kiminsə imkanı yoxdursa ala bilmir. Müəllim tədrisi şagirdlərə yalnız dövlət tərəfindən pulsuz verilmiş dərsliklər üzərindən aparmalıdır".
Rəna Həsənova