"İmtahanlara daxill edilmiş suallarla bağlı cavabdeh qurum Dövlət İmtahan Mərkəzidir. Mən elm və təhsil nümayəndəsi olaraq hesab edirəm ki, bizim tariximiz mükəmməl yazılmalıdır. Əlbəttə ki, tarixin bütün dövrləri araşdırılmalıdır. Cumhuriyyət tarixi, xalq hərəkatı ilə bağlı sualın salınmaması ilə bağlı məsələyə gəldikdə isə, DİM-də bu sualları tərtib edən kifayət qədər peşəkar ekspertlər mövcuddur. Biz tariximizin bütün mərhələlərini şagirdlərə aşılamalıyıq. Füzuli aeeoportu ilə suala gəlincə, bu bizim ən yeni tariximizdir. Ən yeni tariximizlə bağlı sualın salınması mümkündür. Burada qəbahət heç nə görmürəm".
Bunu Faktmedia.az-a təhsil eksperti İlqar Orucov deyib. Ekspert əlavə edib ki, bizim işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq, bərpa işləri bu günün tarixidir və gələcəkdə bizim dərsliklərdə bununla bağlı mövzular salınacaq:
"İmtahanda həmin sualın salınması onu göstərir ki, həmin mövzu tədris proqramına aiddir. Çünki, DİM zaman- zaman iddia edir ki, imtahana salınan sualları yalnız keçilən proqramın məzmunundan irəli gələrək təqdim edirik. Mən tarixçi deyiləm. Bu gün tarix dərsliklərinə salınan mövzularla bağlı məlumatım yoxdur. Lakin onu deyə bilərəm ki, bir imtahanda tarixin bütün mərhələləri ilə bağlı suallar salınmaya bilər, bu başadüşüləndir. Çünki Azərbaycan tarixi xalqın təşəkkülündən bu günə qədər bir dövrü əhatə edir və ola bilsin ki, imtahana hər bir dövrü salınmayıb. Burada qəbahət heç nə yoxdur. Amma həmin mövzular məktəbdə mütləq şəkildə öyrənilməlidir. Ən qədim dövrdən bu günə qədər Azərbaycan tarixinin hər hansı mərhələlərinə aid sualın salınmaması o demək deyil ki, həmin dövrə münasibət pisdir. Biz bilirik ki, həm ulu öndər, həm də cənab prezident hər zaman Azərbaycan tarixinin doğru yazılmsı, doğru tədrisi ilə bağlı məlumatların şağirdlərə, cəmiyyətə düzgün çatdırılmsı ilə bağlı mövqe ortaya qoyur. Azərbaycan tarixində çox şanlı səhifələr var. Ölkəmizin siyasi rəhbərliyi tərəfindən zaman-zaman bu mövzulara toxunulur. Təbii ki, bizim həmin məqamlarla bağlı ola bilsin ki, səhvlərimiz də var, bunlar da tarixi ədəbiyyatda öz əksini tapmalıdır. Nə olubsa, səhvlərimiz, acılarımız, doğrularımız, bir sözlə nə varsa, yaxşı da bizimdir, pis də bizimdir. Səhvlər də buzimdir, uğurlar da bizimdir. Ona görə də bu mövzular dərsliklərdə yer almalıdır. Amma imtahan suallarında yer alıb-almayacağı ekspertlərin seçimi əsasında formalaşır. İmtahana Cumhuriyyət tarixi ilə bağlı sualın salınmaması, bizim, cumhuriyyət tarixini şagirdlərin bilməməsində maraqlı olmağınız anlamına gəlməməlidir".
Qeyd edək ki, sosial şəbəkələrdə Cümhuriyyət tarixi ilə bağlı sualların salınmadığı barədə bildirilir.
Rəna Həsənova